Bank Of Baku

AYİB: Gələn il Azərbaycanda iqtisadi artım 7%-dən çox olacaq

AYİB: Gələn il Azərbaycanda iqtisadi artım 7%-dən çox olacaq
# 15 oktyabr 2009 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2010-cu ildə Azərbaycanda iqtisadi artımın 7,1% təşkil edəcəyini proqnozlaşdırır.

AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, Mərkəzi və Şərqi Avropa ölkələrinin iqtisadiyyatında 2009-cu ilin birinci yarısında istehsal həcmlərinin kəskin azalmasından sonra ilin ikinci yarısında orta hesabla 6,3% artımın müşahidə olunacağı gözlənilir. Cari ilin III rübündə müşahidə olunan müsbət meyllər AYİB-in fəaliyyət göstərdiyi bir çox ölkələrdə tənəzzülün sona yaxınlaşmasını fərz etməyə əsas verir. Buna baxmayaraq, 2010-cu ildə müşahidə olunacaq inkişafın zəif və qeyri-davamlı olacağı ehtimal olunur.

Növbəti ayda dərc olunacaq AYİB-in 2009-ci il üzrə Keçid Dövrünə dair Hesabatında qeyd olunur ki, 2010-cu ildə ölkələr arasında istehsal həcminin artması üzrə göstəricilərdə əhəmiyyətli fərqlər olacaq və region üzrə orta artım tempi 2,5% təşkil edəcək.

AYİB-in baş iqtisadçısı Erik Berqlof bildirib ki, qlobal iqtisadi böhranın sosial sahəyə təsirinin korporativ müflisliyin və işsizliyin səviyyəsinin artımının davam edəcəyi növbəti ildə daha çox hiss olunacağı ehtimal olunur. AYİB-in fəaliyyət göstərdiyi regionda orta müddətli artımın son onillik ərzində müşahidə olunan meyllərdən aşağı olacağı güman edilir.

Gələn il illik artımın AYİB-in may ayında verdiyi proqnozlarında göstərilmiş 1-1,5%-dən yüksək olacağının proqnozlaşdırılmasına baxmayaraq, bu artım 2010-cu ildə şaxələnən iqtisadiyyatın sayəsində deyil, bu ilin birinci yarısında gözlənildiyindən daha dərin tənəzzüldən sonrakı canlanmanın hesabına formalaşacaq.

Bununla yanaşı, 2010-cu ildə artımı məhdudlaşdıran faktorlara ixrac bazarının canlanmasının aşağı tempi (xüsusən də Avrozonada) və banklar tərəfindən aktiv həcmlərinin regionda tədricən azaldılmasının davam etdirilməsi və xidmət göstərilməyən kreditlərin həcminin artması səbəbindən ev təsərrüfatlarına və kiçik müəssisələrə kredit vəsaitlərinin ayrılmasının məhdudlaşdırılması nəticəsində kreditləşdirmə şərtlərinin sərt qalması aiddir.

Azərbaycan iqtisadiyyatında 2008-ci ildəki 10,8% artımdan sonra 2009-cu ildə 5% artım müşahidə olunacaq. Gələn il isə iqtisadiyyatda 7,1% artımın olacağı gözlənilir.

AYİB-in baş iqtisadçısı Anita Tasinin fikrincə, yaxşılaşan iqtisadi perspektivlər və neftin qiymətinin və ixraca tələbatın yenidən artması Azərbaycanda müşahidə olunacaq inkişafı şərtləndirən əsas amillərdir. Lakin, maliyyə böhranı hələ də problem olaraq qalan iqtisadiyyatın şaxələndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bir daha vurğulayır.

Bank sektorlarında problemlərlə və etibarın yenidən qazanılmasında yerli maneələrlə üzləşən iqtisadiyyatlarda 2010-cu ildə daha da zəifləmə müşahidə oluna bilər və ya aşağı artım göstəriciləri əldə oluna bilər.

Digər valyutanın məzənnəsinə bağlı olan valyutaya malik bəzi ölkələrdə real valyuta məzənnəsinin qiymətlər və əmək haqları vasitəsilə uyğunlaşdırılması ehtiyacı məcmu tələbata təsir edə bilər. Bu isə fiskal adaptasiyaya ehtiyacın olması deməkdir. Nəticə etibarilə, bu proses Bolqarıstan, Latviya və Litva kimi ölkələrdə canlanmanı ləngidə bilər.

Canlanmanın sürəti xüsusən dayanıqlı fiskal mövqelərdən bəhrələnən, lakin eyni zamanda zəif bank sistemlərindən, yüksək həcmli xidmət olunmayan kreditlərdən və əmtəə asılılığından əziyyət çəkən Rusiya və Qazaxıstanda qeyri-müəyyəndir.

Bu ölkələrdə canlanma prosesinin perspektivləri hökumət orqanlarının bank sisteminin restrukturizasiyasında əldə edəcəkləri uğurdan eləcə də beynəlxalq canlanmanın xüsusilə əmtəə qiymətlərinə təsir etməklə müsbət təsirindən asılı olacaq.

Rusiya iqtisadiyyatında 2009-cu ildə il üzrə 8,5% azalmanın, 2009-cu ilin sonunda canlanmanın, 2010-cu ildə isə 3%-lik artımın olacağı gözlənilir. Qazaxıstan isə bu il istehsal həcminin daha az azalmasından (təxminən 1,5%) əziyyət çəkəcək, lakin canlanmanın zəif, yəni +1,5% səviyyəsində olacağı gözlənilir.

Gələn il nisbətən daha sürətli, yəni 2% və 5% arasında artım Albaniya, Polşa, Slovakiya və Sloveniya kimi böhrandan öncə nisbətən dayanıqlı bank sistemləri olan beynəlxalq rəqabət qabiliyyətli ölkələrdə müşahidə olunacaq.

Az həcmli və böhranın təsirinə az məruz qalmış maliyyə sistemləri olan və artım göstəriciləri əsasən əmtəə hesabına formalaşmış əmtəə ilə zəngin olan Azərbaycan, Monqolustan, Türkmənistan və Özbəkistan kimi ölkələrdə 2010-cu ildə atım tempinin daha sürətli, yəni 5% və yuxarı səviyyədə olacağı gözlənilir.

Böhranın əvvəlində xüsusilə mənfi təsirə məruz qalmış Macarıstanda davamlı beynəlxalq dəstək və müdrik yerli siyasətlərin müəyyən edilməsi hesabına böhranın qarşısı alınıb. Lakin, fiskal uyğunlaşdırmaya ehtiyac və davam edən kredit böhranı üzündən 2010-cu ildə burada artım tempinin zəif olacağı gözlənilir. Bu ilin sonunda və 2010-cu ilin əvvəlində iqtisadiyyatın zəif olması səbəbindən növbəti il zəif mənfi inkişafın müşahidə olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR