Bank Of Baku

Bakıda böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının idarəetməsində şəffaflığın rolu mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının idarəetməsində şəffaflığın rolu mövzusunda beynəlxalq konfrans keçirilir
# 16 oktyabr 2009 11:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda «Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu» mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb. «APA-Economics»in məlumatına görə, iki gün davam edəcək tədbirin açılış mərasimində çıxış edən Azərbaycan İqtisadçılar İttifaqı və parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu gün Azərbaycan dünyada islahatçı ölkələrdən biri kimi tanınıb. Hökumət maliyyə vəsaitlərinin üzərində şəffaflığın təmin olunması ilə bağlı bir sıra proqramlar həyata keçirir.

«Hesab edirik ki, bu cür maliyyə nəzarətinin təşkili ölkə iqtisadiyyatının mənfi təsirlərdən sığortalanmasında mühüm rola malikdir. Xüsusilə də iqtisadi böhran şəraitində», - deyə Z.Səmədzadə vurğulayıb.

Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov isə artıq ölkədə maliyyə resursları üzərində yeni nəzarət imkanlarının yarandığını qeyd edib. H.Əsədov Hesablama Palatasının maliyyə nəzarəti sahəsində həyata keçirdiyi tədbirlərdən, Palatanın funksiyalarından danışıb.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov isə ARDNF-in fəaliyyətindən danışaraq bildirib ki, Neft Fondunun vəsaitləri, daxilolmaları və xərcləri ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə açıqlanır. Azərbaycanın Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulduğunu xatırladan Ş.Mövsümov rəsmi Bakının bu sahədə mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb.

Vergilər nazirinin müavini Sahil Məmmədxanov isə vergi sistemində 2000-ci ildən islahatların aparıldığını qeyd edib. Nazir müavini onu da bildirib ki, Vergilər Nazirliyi tərəfindən yaxın perspektivdə elektron auditin tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə iki illik proqram hazırlanır. Nazirlik nəzarət işinin təkmilləşdirilməsində müasir informasiya texnologiyalarının tətbiqini də planlaşdırır ki, bunun nəticəsində nəzarət kassa aparatlarının yaddaşındakı məlumatlar GPS vasitəsi ilə bazaya ötürüləcək, həmçinin uzaqdan kassa aparatlarının yaddaşını oxumaq mümkün olacaq.

Tədbirdə Rusiya, Özbəkistan və Türkiyədən olan nümayəndələri də məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, konfransda dövlət büdcəsinin formalaşması və icrasının aktual problemləri, şəffaflıq və səmərəliliyin təşkilində dövlət maliyyə nəzarətinin rolu, yeni şəraitdə auditin təşkili və s. mövzularda məruzələr dinləniləcək.

Xatırladaq ki, Azərbaycan Milli Məclisinin iqtisadi siyasət komitəsi, Azərbaycan Dövlət Neft Fondu, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Hesablama Palatası, Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 15-dən çox xarici ölkənin və bir sıra beynəlxalq qurumun nümayəndələri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR