Bank Of Baku

Dünya Bankının icraçı direktoru sabah Azərbaycana gələcək

Dünya Bankının icraçı direktoru sabah Azərbaycana gələcək
# 19 oktyabr 2009 10:56 (UTC +04:00)
DB-nın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın rəsmisi oktyabrın 17-dən etibarən artıq Ermənistan və Gürcüstanda olub. Hazırda Gürcüstanda olan N.Okonco-İveala sabah Azərbaycana gələcək.

N.Okonco-İvealanın Cənubi Qafqaz ölkələrinə səfərinin məqsədi maliyyə böhranının Cənubi Qafqaza təsiri məsələlərini hökumət, inkişaf tərəfdaşları və vətəndaş cəmiyyəti ilə müzakirə etmək və böhrandan çıxış və davamlı iqtisadi artımın təmin edilməsi yollarını müəyyənləşdirməkdən ibarətdir.

Cənubi Qafqazın hər üç ölkəsində DB rəsmisi ölkə rəhbərliyi, yüksək səviyyəli hökumət rəsmiləri, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri ilə görüşəcək və DB-nın layihlərinin icra yerlərinə baş çəkəcək.

Ermənistanda o, DB-nın maliyyələşdirdiyi layihələrin benefisiarları ilə görüşüb. Gürcüstanda isə məcburi köçkün qəsəbəsinə səfər edib, yol tikintisi və ibtidai səhiyyə xidmətləri müəssisəsinə baş çəkib.

«Azərbaycanda isə N.Okonco-İveala oktyabrın 21-də Bakıda keçiriləcək yüksək səviyyəli İqtisadi Siyasət Forumuna həmsədrlik edəcək, mədəni irs abidəsinə baş çəkəcək və aparıcı qadınlar qrupu ilə görüşəcək», - deyə ofisdən bildirilib.

Qeyd edək ki, DB bu yaxınlarda Ermənistanla (iyun, 2009) və Gürcüstanla (sentyabr, 2009) Ölkə Tərəfdaşlıq Strategiyalarına (ÖTS) start verib və hazırda Azərbaycanla yeni strategiya üzərində çalışır. Ermənistanla həyata keçirilən strategiyanın məqsədi ölkədə iqtisadi artımın bərpa olunmasına və maliyyə böhranının yoxsullara təsirinin yumşaldılmasına yardım göstərməkdən ibarətdir. Bu günədək DB Ermənistana 54 layihə üçün təxminən 1,3 mlrd. ABŞ dolları ayırıb.

Gürcüstanla ÖTS ikiqat böhranın – 2008-ci ilin avqust münaqişəsi və onun ardınca qlobal iqtisadiyyatın tənəzzülü – fonunda hazırlanıb və münaqişədən sonrakı aktual problemlərin həllinə, rəqabət qabiliyyətinin və gələcək artımın gücləndirilməsi mövzularına yönəlib. Bu günədək Gürcüstana ayrılmış vəsaitin həcmi 46 layihə üçün təxminən 1,2 mlrd. dollar təşkil edib.

Azərbaycanla yeni ÖTS cari proqramın nəticə və nailiyyətlərinə əsaslanacaq. Hazırkı strategiya 2,2 mlrd. dollar məbləğində investisiyaları nəzərdə tutur. Yeni strategiya hökumət və vətəndaş cəmiyyəti ilə sıx məsləhətləşmə şəraitində hazırlanacaq və ölkənin qısa və uzunmüddətli prioritetlərinə nail olunması məqsədini güdəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR