Bank Of Baku

Dünya Bankı Bakıda Azərbaycanın iqtisadi inkişafı ilə bağlı forum keçirib

Dünya Bankı Bakıda Azərbaycanın iqtisadi inkişafı ilə bağlı forum keçirib
# 21 oktyabr 2009 10:49 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, foruma Azərbaycanın baş naziri Artur Rasizadə və hazırda Bakıda səfərdə olan Dünya Bankının (DB) icraçı direktoru xanım Nqozi Okonco-İveala sədrlik edib.

Tədbirdə çıxış edən Azərbaycanın baş nazirinin müavini Abid Şərifov ölkənin iqtisadi inkişafından məlumat verib və qeyd edib ki, 2008-ci ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2003-cü illə müqayisədə 2,6 dəfə artaraq 38 mlrd. manata, ÜDM-in adambaşına düşən həcmi isə 2,5 dəfə artaraq 4 440 manat (5 404 ABŞ dolları) təşkil edib: «Hesabat dövründə ölkə iqtisadiyyatına 33,5 mlrd. manat məbləğində investisiya yatırılıb. Bununla yanaşı, ölkədə qeyri-neft sektoru 6,2 dəfə artıb».

A.Şərifov onu da bildirib ki, 2003-cü ildən indiyədək Azərbaycanın valyuta ehtiyatları 11,6 dəfə artaraq 19 mlrd. dollara çatıb. Cari ilin ilk doqquz ayının sosial-iqtisadi yekunlarından danışan A.Şərifov qeyd edib ki, yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM-in artım tempi 6,1% təşkil edib: «Hesabat dövründə ölkədə sənaye istehsalı 5%, kənd təsərrüfatı 3%, əhalinin gəlirləri 10%, orta əmək haqqı isə 15% artıb. İllik inflyasiya isə cəmi 2,1% səviyyəsində olub».

Azərbaycanla DB arasında mövcud əməkdaşlıqdan danışan A.Şərifov qeyd edib ki, Azərbaycan Avropa və Mərkəzi Asiyada Türkiyə və Qazaxıstandan sonra DB-nın ən yüksək portfelinə malik olan üçüncü ölkədir.

Öz növbəsində Azərbaycanın iqtisadi inkişafından valeh olduğunu bildirən N.Okonco-İveala bildirib ki, böhran vəziyyətindən yararlanıb, irəliyə də getmək mümkündür. Bundan başqa, DB rəsmisi Azərbaycana neftdən gələn gəlirləri iqtisadiyyatın digər sahələrinə yönəltməyi, həmçinin bir sıra sahədə islahatları davam etdirməyi tövsiyə edib.

Qeyd edək ki, forum çərçivəsində Azərbaycanın qlobal miqyasda rəqabətə davamlı iqtisadiyyata malik olan yuxarı-orta gəlirli ölkəyə çevrilməsi üçün lazımi siyasət, iqtisadiyyatın diversifikasiyası, iqtisadi artım, iş yerlərinin yaradılmasında qeyri-neft özəl sektorun rolunun artırılması, qeyri-neft büdcə kəsirinin tədricən azaldılması və dayanıqlı səviyyəyə çatdırılmasına şərait yaratmaq üçün fiskal siyasətin davamlılığı və səmərəliyinə diqqət yetirilməsi və bir sıra digər məsələlər müzakirə olunub.

Xatırladaq ki, forumun işində Azərbaycan hökuməti, prezident administrasiyası və Milli Məclisin yüksək səviyyəli nümayəndələri iştirak edib. Foruma ekspert qismində Avropa və ABŞ-dan tanınmış iqtisadçılar və praktiklər dəvət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR