Bank Of Baku

«Joint Leasing» şirkəti yeni avtolizinq proqramına start verib

«Joint Leasing» şirkəti yeni avtolizinq proqramına start verib
# 17 iyun 2010 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı lizinq şirkəti olan «Joint Leasing» QSC ölkənin avtolizinq bazarında fəaliyyətini genişləndirmək məqsədilə minik avtomobillərinin lizinqi proqramının icrasına başlayıb. Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu proqramın icrası şirkətin 2 mln. manat həcmində cəlb etdiyi vəsait hesabına maliyyələşdiriləcək.

Avtolizinq proqramının şərtlərinə əsasən, avtomobilləri illik 19-20%, ilkin ödəniş 20% olmaqla, 36 ay müddətinə lizinqə götürmək mümkündür. «Lizinq üçün nəzərdə tutulan avtomobillərin maksimal qiyməti məhdudlaşdırılmır ki, bu da nəinki orta qiymət kateqoriyalı avtomobillərə üstünlük verənlərə, həmçinin nüfuzlu avtomobil həvəskarlarına şirkətin xidmətindən istifadə etmək imkanı yaradacaq. Həmçinin, lizinqalanların vətəndaşlığı və yaşayış yeri ilə bağlı da heç bir məhdudiyyət yoxdur», - deyə şirkətdən bildirilib.

«Joint Leasing»in baş direktoru Elçin Əhmədovun sözlərinə görə, əlavə vəsaitin cəlb olunması şirkətin istər avtolizinqin fəallaşdırılması, istərsə də ümumi lizinq portfelinin genişləndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin başlanğıcı kimi dəyərləndirilə bilər. «Biz, ölkədəki bütün avtomobil dilerlərini hər iki tərəf üçün sərfəli olan qarşılıqlı əməkdaşlığa dəvət edirik», - deyə E.Əhmədov bildirib. Onun sözlərinə görə, eksklüziv tərəfdaşlara daha əlverişli maliyyələşdirmə şərtləri təklif olunacaq.

Qeyd edək ki, 2010-cu il iyun ayının 1-i vəziyyətinə şirkətin lizinq portfeli 28,6 mln. manat təşkil edir. Ümumilikdə, bu müddətdə 35 mln. manatlıq avadanlıq lizinqə verilib, 184 müqavilə imzalanıb. Şirkətin aktivləri 30 mln.manatı ötüb. Ötən ildən şirkət məqsədli şəkildə lizinq portfelini azaltmağa başlayıb, portfelin sağlamlaşdırılması üçün iri layihələrin bağlanması barədə qərar qəbul edib. Buna baxmayaraq, «Joint Leasing» hətta qlobal maliyyə böhranı şəraitində real sektoru aktiv maliyyələşdirən azsaylı şirkətlərdən biri olub. Hazırda isə ölkədə biznesin fəallaşmasını nəzərə alan «Joint Leasing» maliyyələşməni və lizinq portfelinin həcmini artıraraq əks proses həyata keçirir.

Xatırladaq ki, Azərbaycanın ən iri lizinq şirkəti olan «Joint Leasing» 2007-ci il 14 iyun tarixindən etibarən «Azərilizinq» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. «Joint Leasing» QSC-nin təsisçiləri rolunda Böyük Britaniyanın «DH Leasing Ltd.» şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankı (47,6%) çıxış edir. «Joint Leasing»in sələfi, Azərbaycanın ilk lizinq şirkəti olan «Azərilizinq» Birgə Müəssisəsi 1999-cu ildə yaradılıb. Hazırda şirkətin nizamnamə kapitalı 700 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR