Bank Of Baku

Azərbaycanın əsas kapitalına yönəldilən vəsaitin həcmi son bir ildə 11,3% artıb

Azərbaycanın əsas kapitalına yönəldilən vəsaitin həcmi son bir ildə 11,3% artıb
# 18 iyun 2010 06:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 021,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 11,3% çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi tikinti işlərində istifadə edilmiş vəsaitin 65,4%-ni təşkil edərək 1 977,3 mln. manat olub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar inşaat işlərinə 1 831,7 mln. manat, qeyri-dövlət müəssisələri 1 189,6 mln. manat vəsait sərf edib. Məhsul istehsalı obyektlərinin inşasında 1 538,4 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 1 482,9 mln. manatlıq vəsaitdən istifadə edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin 77,7%-ni daxili, 22,3%-ni isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil edib, daxili mənbələrdən yönəldilən vəsaitlərin 75,1%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 24,9%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşüb.

Bununla yanaşı, 2010-cu ildə büdcədən maliyyələşdirilməsi nəzərdə tutulmuş inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsində 3,549 mlrd. manat vəsait nəzərdə tutulub. İlin beş ayında bu vəsaitin 1 022,7 mln. manatından istifadə edilib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 1 586,1 mln. manat (ümumi vəsaitin 52,5%-i), bank kreditləri 93 mln. manat (3,1%-i), büdcə vəsaitləri 1 081,3 mln. manat (35,8%-i), büdcədənkənar fondların vəsaitləri 1 52,5 mln. manat (5%-i), əhalinin şəxsi vəsaitləri 108 mln. manat (3,6%-i), digər vəsaitlər 0,4 mln. manat təşkil edib.

Cari ilin əvvəlindən əsas kapitala yönəldilmiş bütün vəsaitin 44,1%-i sənaye sahələrinin inkişafına, 4,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 2,5%-i ticarətə, 27,2%-i nəqliyyat və anbar təsərrüfatına, 2%-i tikintiyə, 1%-i informasiya və rabitəyə, 1,3%-i yaşayışın təşkili və ictimai iaşəyə, 0,1%-i maliyyə və sığorta fəaliyyətinə, 7,5%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 7,4%-i mənzil tikintisinə), 2%-i dövlət idarəetməsinə, 1%-i təhsilə, 1,5%-i səhiyyəyə, 2,7%-i istirahət, əyləncə və incəsənətə, 1,7%-i inzibati və yardımçı xidmətlərin, 0,1%-i peşə, elmi və texniki fəaliyyətə, 0,5%-i isə digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Hesabat ilinin ötən beş ayı ərzində əsas kapitala yönəldilmiş ümumi vəsaitin 2 003,1 mln. manatı (66,3%-i) qeyri-neft bölməsinin, 1 018,2 mln. manatı (33,7%-i) isə neft bölməsinin inkişafında istifadə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR