Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi ölçülür. Beləliklə, 2010-cu ilin yanvar ayında əhalinin gəlirləri xərclərin iki əsas istiqamətini cəmi 10% üstələdiyi halda, yanvar-fevralda bu göstərici 20%, yanvar-martda 25%, yanvar-apreldə 35%, yanvar-mayda isə 38%-ə bərabərdir.
Qeyd edək ki, əhalinin alıcılıq qabiliyyəti indeksinin yüksəlməsi ya gəlirlərin artması, ya xərclərin iki əsas istiqamətinə yönəldilən vəsaitlərin məcmusunun azalması nəticəsində baş verə bilər. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, yanvar-may ayları üzrə əhalinin gəlirləri illik müqayisədə 9,5%, pərakəndə əmtəə dövriyyəsi 8,1%, xidmətlərin dəyəri isə 10,4% artıb. Göründüyü kimi, xərclərin azalması müşahidə olunmadığından, əhalinin alıcılıq qabiliyyəti indeksinin yüksəlməsi ilk növbədə gəlirlərin artması ilə bağlıdır.
Cari ilin yanvar-may aylarında pərakəndə əmtəə dövriyyəsi 5 172,7 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 1 642,4 mln. manat, əhalinin gəlirləri isə 9 403,1 mln. manat təşkil edib.