Bank Of Baku

Bu ilin ilk yarısında Azərbaycanda bütün əsas investisiya layihələri və proqramların icrasına 1,740 mlrd. manat vəsait ayrılıb

Bu ilin ilk yarısında Azərbaycanda bütün əsas investisiya layihələri və proqramların icrasına 1,740 mlrd. manat vəsait ayrılıb
# 14 iyul 2010 09:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yarısı ərzində Azərbaycanda bütün əsas investisiya layihələrinin və proqramların icrasına məcmu olaraq 1,740 mlrd. manat, o cümlədən dövlət büdcəsindən 1,349 mlrd. manat, Dövlət Neft Fondunun büdcəsindən 163,3 mln. manat, Naxçıvan Muxtar Respublikasının büdcəsindən 29,3 mln. manat, dövlət zəmanəti ilə beynəlxalq maliyyə institutlarından daxil olmuş vəsait hesabına isə 198 mln. manat vəsait yönəldilib.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkənin maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, hesabat dövründə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 164,2 mln. manat, o cümlədən təhsil müəssisələrinə 42,6 mln. manat, səhiyyə müəssisələrinə 24,8 mln. manat, mədəniyyət müəssisələrinə 57,6 mln. manat, idman müəssisələrinə 25,5 mln. manat, sosial müdafiə və sosial təminat təyinatlı müəssisələrə 13,7 mln. manat vəsait sərf edilib: «Əsas kommunal və nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1,840 mlrd. manat, o cümlədən elektrik enerjisi infrastrukturlarının tikintisi üçün 59,7 mln. manat, regionların içməli su və suvarma-drenaj infrastrukturlarının bərpası və yenidən qurulması üçün 99,8 mln. manat, ölkə əhəmiyyətli avtomobil yollarının və yol infrastrukturlarının tikintisi və yenidən qurulmasına 660 mln. manat, Bakı Metropoliteninin yeraltı nəqliyyat obyektlərinin tikintisi və metro üçün avadanlığın alınmasına 53,8 mln. manat vəsait yönəldilib».

S.Şərifov onu da qeyd edib ki, yanvar-iyun ayları ərzində icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış qəsəbələrin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi layihələrinin həyata keçirilməsinə 163,3 mln. manat vəsait sərf edilib.

Nazir həmçinin bildirib ki, Naxçıvan Muxtar Respublikasının büdcəsindən sosial-mədəni, inzibati və məişət təyinatlı obyektlərin tikintisinə 29,3 mln. manat vəsait istifadə olunub. «Hesabat dövründə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 71 mln. manat, dövlət büdcəsinin Ehtiyat Fondundan isə əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 53,2 mln. manat vəsait ayrılıb», - deyə S.Şərifov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR