Bank Of Baku

«Turanbank» Almaniya bankından 3 mln. dollara yaxın kredit cəlb edəcək

«Turanbank» Almaniya bankından 3 mln. dollara yaxın kredit cəlb edəcək
# 19 iyul 2010 08:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Turanbank» ASC cari ilin sonuna kimi Almaniyanın «Landesbank Berlin» bankından ticarətin maliyyələşdirilməsi üçün 3 mln. dollara yaxın kredit cəlb edəcək.

Bunu «APA-Economics»ə açıqlamasında bankın Strateji planlama Departamentinin direktoru Rəşad Tanrıverdiyev bildirib.

R.Tanrıverdiyevin sözlərinə görə, hazırda kredit xəttinin reallaşdırılması istiqamətində ümumi danışıqlar gedir: «Turanbank» artıq özünün maliyyə göstəricilərini, o cümlədən audit hesabatı və 2010-cu ilin yanvar-iyun ayları üzrə hazırladığı təqdimat hesabatını Almaniya bankına təqdim edib. Sonrakı mərhələdə digər sənədləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur».

R.Tanrıverdiyev bildirib ki, sənədləşmə işləri bu qaydada davam edərsə, vəsaitin cəlb edilməsi prosesi bir qədər də tezləşəcək. Ümumiyyətlə, kreditin cəlb edilməsi bu ilin sonuna planlaşdırılır.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,8%) və 20 fiziki şəxs olan (78,2%) «TuranBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 119,793 mln. manat, depozit portfeli 48,394 mln. manat, kredit portfeli 82,632 mln. manat, məcmu kapitalı 19,811 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,5 mln. manat təşkil edib. Bankın ölkə üzrə 11 filialı, 9 bankomatı və 73 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR