Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 2010-cu ilin I yarımilinin yekunlarına dair hesabat yığıncağı keçirilib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 2010-cu ilin I yarımilinin yekunlarına dair hesabat yığıncağı keçirilib
# 22 iyul 2010 12:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) 2010-cu ilin I yarımilinin yekunlarına dair hesabat yığıncağı keçirilib.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, yığıncağa sədrlik edən QKDK sədri Rüfət Aslanlı qlobal dünya iqtisadiyyatının mövcud vəziyyəti haqqında məlumat verərək qeyd edib ki, ötən dövr ərzində regionlar və ölkələr üzrə artım templəri dəyişkən xarakterli olsa da, ümumilikdə dünya səviyyəsində sənaye istehsalı və ticarətin həcmi artıb, istehlakçı inamı bərpa edilib, məşğulluq göstəricilərində canlanma simptomları müşahidə edilib.

R.Aslanlının sözlərinə görə, 2010-cu ilin ilk altı ayı ərzində ölkə üzrə iqtisadi inkişaf 3,7% olub, iqtisadiyyatın şaxələndirilməsi siyasəti təmin edilib, sənaye potensialı gücləndirilib, o cümlədən qeyri-neft sektorunda artım 15,3% qeydə alınıb. Komitə sədri onu da qeyd edib ki, hesabat dövründə makro-iqtisadi sahədə sabitlik davam etdirilib, bunun da nəticəsində inflyasiyanın səviyyəsi 4,9% olub və cari ilin sonuna kimi onun məqbul səviyyədə qorunub saxlanılması gözlənilir.

R.Aslanlı 2010-cu ilin birinci yarımilliyi üzrə qiymətli kağızlar bazarında müşahidə olunan meyllərdən söz açaraq, hesabat dövründə bazara təsir göstərən amillər kimi ölkədə monetar sahədə həyata keçirilən «yumşaq pul» siyasətini, özəlləşdirmə proseslərindəki sabitləşməni və vergi güzəştlərinə dair yeni dəyişiklikləri yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

Sonra QKDK-nın Tədqiqatlar və bazarın inkişafı şöbəsinin müdir əvəzi Əmin Muradov 2010-cu ilin ilk 6 ayı ərzində ölkənin makro-iqtisadi icmalı və qiymətli kağızlar bazarında mövcud vəziyyət barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib. Çıxışda hesabat dövründə bazar institutlarının debürokratizasiyası, ticarət və post-ticarət platformalarının inteqrasiyası, əməliyyat xərclərinin azaldılması və yeni alətlərin buraxılması üzrə təşəbbüslər haqqında məlumat verilib.

Sonra yığıncaqda QKDK sədrinin müavini Comərd Əliyev hesabatla çıxış edərək, ötən dövr ərzində QKDK-nın tədavülün tənzimlənməsi və qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbələrinin fəaliyyətlərinə dair görülmüş işlər haqqında ətraflı məlumat verib. QKDK sədrinin müavini İlqar Muradov hesabat dövründə QKDK-nın lisenziyalaşdırma və nəzarət, eləcə də hüquq şöbələrinin fəaliyyətlərinə dair görülmüş işlər haqqında danışıb.

Sonra yığıncaqda QKDK-nın Aparat rəhbəri Mehman Abbas məruzə ilə çıxış edərək, 2010-cu ilin ilk 6 ayı ərzində QKDK-nın beynəlxalq əlaqələri, ictimai əlaqələr, ümumi, maliyyə, informasiya texnologiyaları və təminat üzrə struktur bölmələrinin gördüyü işlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib.

Bundan başqa, QKDK-nın Daxili nəzarət sektorunun müdiri Vüqar Allahyarov Daxili nəzarət sektorunun 2010-cu ilin ilk 6 ayı üzrə fəaliyyət hesabatına dair məruzə edərək, işlərin sistemləşdirilməsi, reqlamentləşdirmə və daxili nəzarət işinin təşkili istiqamətində görülən işlər barədə tədbir iştirakçıların məlumatlandırıb.

Sonda QKDK-nın sədri R.Aslanlı cari ilin birinci yarımilliyinin yekunlarını ümumilikdə Komitənin fəaliyyət istiqamətləri üzrə məhsuldar dövr kimi qiymətləndirərək, qarşıda duran dövrün həm qiymətli kağızlar bazarının orta-müddətli strategiyasının, həm də qiymətli kağızlar və onun bazarına dair vahid qanun layihəsinin hazırlanması baxımından məsuliyyətli bir dövr olacağını qeyd edib. O, struktur bölmələrinin növbəti dövr üçün fəaliyyət planlarına uyğun olaraq, islahat gündəliklərinin icrasının sürətləndirilməsi, eyni zamanda, bazarda təklifin genişləndirilməsi və tələbin stimullaşdırılması baxımından yeni təşəbbüslərin işlənib hazırlanması barədə tapşırıqlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR