Bank Of Baku

Asiya İnkişaf Bankının nümayəndə heyəti Azərbaycandakı şirkətlərin təmsilçiləri ilə görüşlər keçirəcək

Asiya İnkişaf Bankının nümayəndə heyəti Azərbaycandakı şirkətlərin təmsilçiləri ilə görüşlər keçirəcək
# 24 sentyabr 2010 10:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankı (AİB) Direktorlar Şurasının nümayəndələri ölkənin özəl sektorunda fəaliyyət göstərən şirkətlərdə görüşlər keçirəcək.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu gün bankın nümayəndələri Azərbaycan İnvestisiya Şirkəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), «Moore Stephens» beynəlxalq auditor şirkətinin Azərbaycandakı ofisi, ABŞ-ın «The Nopal Group» şirkəti, həmçinin «AccessBank»da görüşlər keçirəcək.

Qeyd edək ki, sentyabırn 22-də Azərbaycana gələn AİB-in nümayəndə heyətinə Direktorlar Şurasının sədri vəzifəsini icra edən Aşok Kumar Lahiri (Ashok Kumar Lahiri) başçılıq edir. Yeddi nəfərdən ibarət nümayəndə heyətinə həmçinin AİB-in Azərbaycan və Gürcüstan üzrə icraçı direktoru Fil Boen (Phil Bowen) də daxildir.

Sentyabrın 26-dək davam edəcək səfərin əsas məqsədi ölkədə AİB tərəfindən icra olunan layihələrin gedişi ilə tanış olmaqdır. Səfər zamanı AİB-in nümayəndələri həmçinin Azərbaycanın maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, donor təşkilatları ilə görüşlər keçirib.

Bununla yanaşı, AİB-in Direktorlar Şurası Göyçaya səfər edəcək ki, orada AİB-in maliyyələşdirdiyi «Şəhər su təchizatı və kanalizasiya Layihəsi» ilə tanış olacaq. Layihənin məqsədi Ağdaş, Göyçay və Naxçıvanda su təchizatı və kanalizasiya-sanitariya xidmətlərinin keyfiyyət və etibarlılığını təmin etməkdir. Layihə fiziki infrastrukturun qurulması və bərpası, institusional islahatlar və maddi texniki bazanın formalaşdırılması komponentlərindən ibarətdir.

Azərbaycana səfər başa çatdıqdan sonra AİB nümayəndələri sentyabrın 26-30-da Gürcüstana, sentyabrın 30-dan oktyabrın 4-dək isə Ermənistana səfər edəcək.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR