Bank Of Baku

Bakıda «Kollektiv investisiyalar: beynəlxalq təcrübə və imkanlar» mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda «Kollektiv investisiyalar: beynəlxalq təcrübə və imkanlar» mövzusunda beynəlxalq konfrans keçirilib
# 29 sentyabr 2010 10:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasının (BFB) 10 illiyinə həsr olunmuş «Kollektiv investisiyalar: beynəlxalq təcrübə və imkanlar» mövzusunda beynəlxalq konfrans keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov BFB-nin fəaliyyətini yüksək qiymətləndirib və qeyd edib ki, Fondun yaradılması Azərbaycanın qiymətli kağızlar bazarının inkişafında vacib mərhələlərdən biri idi.

Azərbaycanın iqtisadi inkişafından danışan nazir bildirib ki, 2010-cu ili Azərbaycan iqtisadiyyatının artımı ili kimi qeyd etmək olar: «Cari ilin ilk səkkiz ayı ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 3,8%, əhalinin gəlirləri isə 9,8% artıb. Qlobal maliyyə böhranından bir çox ölkələr zərər çəkib ki, Azərbaycan da istisna deyil. Lakin böhran dövründə belə Azərbaycanda iqtisadi artım dinamikası müşahidə olub və ümumiyyətlə, ölkə iqtisadiyyatının inkişafı sabit davam etdirilib».

S.Şərifov onu da bildirib ki, hazırda Azərbaycanın qeyri-neft sektorunun artımı neft sektorunun artımını üstələyir: «Neft daxilolmaları qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da artıq öz bəhrəsini verməkdədir».

Hazırda Azərbaycanın fond bazarının inkişaf etdiyini qeyd edən nazir həmçinin bildirib ki, bu bazarı bir qədər inkişaf etmək üçün bir sıra işlər görülməlidir: «Fond bazarının inkişafı üçün qiymətli kağızlar bazarına yeni alətlər, qanunvericilik bazasının təkmilləşdirilməsi və bu kimi işlər görülməlidir».

Tədbirdə çıxış edən Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı ölkənin fond bazarının tarixindən, həmçinin Azərbaycan iqtisadiyyatının son 5 ildə əhəmiyyətli dərəcədə inkişaf etdiyini bildirib: «Azərbaycan 2005-2009-cu illər ərzində dünya iqtisadiyyatında sürətlə inkişaf edən ölkələr sırasına daxil olub. Belə ki, bu müddət ərzində ölkənin ÜDM-i 3 dəfə, əhalinin gəlirləri 2,9 dəfə, strateji valyuta ehtiyatları 10 dəfə artaraq 20 mlrd. ABŞ dollarını ötüb».

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov ölkənin kapital bazarının formalaşmasından danışaraq qeyd edib ki, BFB-nin sözügedən bazarın inkişafında əhəmiyyətli rolu olub.

Konfransda çıxış edən Azərbaycan Milli Məclisinin İqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə öz növbəsində BFB-nin fəaliyyətindən razı olduğunu bildirib və qeyd edib ki, «İnvestisiya fondları haqqında» qanun layihəsinin təsdiqi ölkənin qiymətli kağızlar bazarının inkişafına səbəb olacaq və bazar yeni bir mərhələyə keçəcək.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia son illər ərzində Azərbaycanın sürtələ inkişaf etdiyini bildirib. Avropa İttifaqı ilə BFB arasında mövcud əməkdaşlıqdan danışan R.Kobia onu da qeyd edib ki, gələcəkdə bu əməkdaşlıq bir qədər də inkişaf etdiriləcək.

Konfransda çıxış edən BFB-nın Müşahidə Şurasının sədri Cahangir Hacıyev Fondun 10 il ərzində ölkənin qiymətli kağızlar bazarında öz yerini tutduğunu bildirib və qeyd edib ki, BFB üzvlərinin sayı ilbəil artır: «Fond son illər ərzində texniki imkanlarını artıraraq qabaqcıl texnologiyaları tətbiq edib».

BFB-nin fəaliyyətindən danışan C.Hacıyev konfransın Fond üçün yeni nailiyyətlər və yeni imkanlar açacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR