Bank Of Baku

Milli Məclisdə “İnvestisiya fondları haqqında” qanun layihəsi müzakirə olunub

Milli Məclisdə “İnvestisiya fondları haqqında” qanun layihəsi müzakirə olunub
# 08 oktyabr 2010 11:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Milli Məclisin oktyabrın 8-də keçirilən iclasında “İnvestisiya fondları haqqında” qanun layihəsi müzakirə olunub. APA-nın məlumatına görə, qanun layihəsi barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, layihədə investisiya fondlarının dövlət reyestri, səhmdar investisiya fondlarının təşkili və fəaliyyəti, fondu idarəetmə, səhmlərin emissiyası, səhmdar investisiya fondunun investisiya bəyannamələri, investisiya fondlarının payı, paylı investisiya fondlarının paylarının satışı və geri alınması, xarici investisiya fondları və ya nümayəndəliklərin fəaliyyətinə icazənin verilməsi, icazənin ləğvi və s. bu kimi məsələlər əksini tapıb: “Bundan əvvəl, 1999-cu ildə qəbul edilmiş qanun çox mürəkkəb idi. Bu layihədə də müəyyən mürəkkəbliklər var və ikinci oxunuşdan sonra sadələşdiriləcək. Ümumilikdə qanun layihəsi müasir tələblər nəzərə alınmaqla hazırlanıb. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə olunub”.

Qanun layihəsinə münasibət bildirən Vahid Əhmədov deyib ki, bu qanun ölkədə səhmdar cəmiyyətlərinin də inkişafına təkan verəcək. Qanun layihəsində müəyyən çatışmazlıqların və anlaşılmazlıqların da olduğunu söyləyən V. Əhmədov hesab edir ki, investisiya fondlarında iştirak payının 50%-lə məhdudlaşdırılmasının izahı verilməlidir: “Bu hədd insanların fond yaradıb vəsait qoymasına maneə yaradır”. Deputatın fikrincə, hansı formada qazanılmasından asılı olmayaraq vəsaitlərin leqallaşdırılması üçün ayrıca qanun qəbul olunmalıdır.

Nazim Məmmədov isə təklif edib ki, bu qanunun qəbulu hazırkı dövr üçün çox vacibdir. Millət vəkili qanun layihəsinin korporativ idarəetmə mədəniyyətini yüksəltməklə yanaşı, unitar səhmdarların hüquqlarının müdafiəsi sahəsində də rol oynayacağını bildirib.

Sonda qanun layihəsinin üçüncü oxunuşda Milli Məclisin iclasına çıxarılması üçün deputatların təklifləri nəzərə alınmaqla işlənilməsi tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR