Bank Of Baku

Azərbaycanın 2011-ci il dövlət büdcəsinin layihəsi parlamentin plenar sessiyasında müzakirəyə tövsiyə olunub

Azərbaycanın 2011-ci il dövlət büdcəsinin layihəsi parlamentin plenar sessiyasında müzakirəyə tövsiyə olunub
# 11 oktyabr 2010 11:43 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, dövlət büdcəsinin parametrləri barədə danışan maliyyə naziri Samir Şərifov bildirib ki, layihə hazırlanarkən əvvəlki illərdə deputatlar və Hesablama Palatası tərəfindən səsləndirilmiş bəzi təkliflər nəzərə alınıb.

Ümumilikdə, 2011-ci ildə büdcənin gəlirləri 12 061 mln. manat, xərcləri isə 12 748 mln. manat həcmində proqnozlaşdırılır. Büdcə tərbib olunarkən neftin 1 barelinin qiyməti 60 ABŞ dolları götürülüb. Nazir qeyd edib ki, cari ilin səkkiz ayında Azərbaycanda ümumi daxili məhsulun həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,8%, onun adambaşına düşən məbləği 2,7%, orta aylıq əməkhaqqı 5,7%, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 10,2% artıb. Ölkənin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 6,1 mlrd. ABŞ dolları artaraq 26,5 mlrd. dollara çatıb. Hesabat dövründə ölkə iqtisadiyyatına 5,2 mlrd. manat, o cümlədən daxili mənbələr hesabına 4,1 mlrd. manat investisiya qoyulub. Bunun 1,7 mlrd. manatı dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilib. İlkin məlumatlara görə, cari ilin 9 ayında dövlət büdcəsinin gəlirləri müvafiq proqnoza qarşı 93,6% təşkil edib, büdcə xərcləri isə 84% icra olunub.

Növbəti ilin dövlət büdcəsinin xərclərində əsas yeri sosial xərclərin tutduğunu deyən S.Şərifov ölkə iqtisadiyyatının müxtəlif sahələri, o cümlədən ölkənin müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb.

«Növbəti ilin əsas hədəfləri sırasına iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması, regionların iqtisadi və xammal potensialından səmərəli istifadə edilməsi, maliyyə yardımlarının ünvanlılığının təmin olunması daxil edilib», - deyə nazir vurğulayıb.

S.Şərifov qeyd edib ki, 2011-ci ildə icmal büdcənin gəlirləri 15 558 mln. manat, xərcləri isə 15 129 mln. manat həcmində proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikasının gəlir və xərcləri isə eyni məbləğdə - 393 mln. manat proqnozlaşdırılır.

«Gələn ilin büdcəsinin gəlir və xərclərində prioritetlər kimi diqqət sosial xərclərə və müdafiə xərclərinə yönəldilib», - deyən Hesablama Palatasının sədri Heydər Əsədov isə qeyd edib ki, bundan sonra da büdcə layihəsi hazırlanarkən diqqət vəsaitlərin istifadəsinin səmərəliliyinin artırılmasına yönəldilməli, bununla bağlı xüsusi proqramlar hazırlanmalı, xərclərin optimallaşdırılması prosesi davam etdirilməlidir.

Daha sonra Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, deputatlar Vahid Əhmədov, Eldar İbrahimov, Əli Məsimli, Nazim Məmmədov və Hadı Rəcəbli çıxış edərək büdcə layihəsi ilə bağlı fikir və təkliflərini bildiriblər. Sonda dövlət büdcəsinin layihəsinin parlamentin plenar sessiyasına çıxarılması tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR