Bank Of Baku

«Rabitəbank» Frankfurt Maliyyə və Menecment Məktəbinin texniki dəstək proqramının II mərhələsinə başlayıb

«Rabitəbank» Frankfurt Maliyyə və Menecment Məktəbinin texniki dəstək proqramının II mərhələsinə başlayıb
# 11 oktyabr 2010 14:54 (UTC +04:00)
Bak. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC Frankfurt Maliyyə və Menecment Məktəbinin (Frankfurt School of Finance & Management) həyata keçirdiyi texniki dəstək proqramının ikinci mərhələsinə başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, proqramın ikinci mərhələsində bankda kreditlərin verilməsi prosesinin optimallaşdırılması, əməliyyat və bazar risklərinin təhlili üçün lazımi infrastrukturun yaradılması, kredit risklərinin idarə olunması, məhsulların yaradılması prosesi və daxili auditin funksiyasının təkmilləşdirilməsi kimi işlər görüləcək.
Xatırladaq ki, qeyd olunan layihə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) «Rabitəbank»a ayırdığı texniki dəstək proqramı çərçivəsində həyata keçirilir. Frankfurt Maliyyə və Menecment Məktəbi AYİB-in texniki dəstək proqramının icraçısı seçilib və 2010-cu ilin may ayında Frankfurt Məktəbinin ekspertləri bankda layihənin icrasına başlayıblar. Layihənin əsas məqsədi «Rabitəbank»da risklərin idarə olunması, daxili audit və kiçik və orta sahibkarlığın kreditləşdirilməsi sahələrində işin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Layihə qeyd olunan sahələrdə beynəlxalq təcrübəyə malik olan məsləhətçi ekspertlər tərəfindən həyata keçirilir.
Qeyd edək ki, Frankfurt Maliyyə və Menecment Məktəbi maliyyə və bank işi sahəsində 50 ildən çox təcrübəyə malikdir və Almaniyanın ən iri biznes məktəblərindən biridir. Frankfurt Məktəbi «Deutsche Bank AG», «Commerzbank AG», «BHF-Bank AG» bankları daxil olmaqla Almaniyanın aparıcı bankları tərəfindən idarə olunur.
«Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivləri 116 mln. manat, məcmu kapitalı 16 mln. manat təşkil edib. Bankın filiallarının 6-sı Bakıda, 14-ü regionda fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR