Bank Of Baku

Asiya İnkişaf Bankı: Azərbaycanın enerji və nəqliyyat sahələrində layihələrin kreditləşdirilməsində maraqlıyıq

Asiya İnkişaf Bankı: Azərbaycanın enerji və nəqliyyat sahələrində layihələrin kreditləşdirilməsində maraqlıyıq
# 24 noyabr 2010 12:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı daimi nümayəndəliyinin yeni direktoru Olli Norocononu (Olly Norojono) qəbul edib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə bankla Azərbaycan arasında hazırkı əlaqələr, o cümlədən gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

O.Norocono bildirib ki, AİB Azərbaycanda enerji və nəqliyyat sahələrində layihələrin kreditləşdirilməsində maraqlıdır. Eyni zamanda AİB rəsmisi bankın Azərbaycanda 5 regional texniki yardım layihəsi təqdim etməyə hazır olduğunu diqqətə çatdırıb. O.Norocono qeyd edib ki, AİB-in Azərbaycandakı nümayəndəliyi ölkə üzrə biznes fəaliyyəti ilə bağlı plan-strategiya hazırlayacaq.

Öz növbəsində AİB ilə Azərbaycan hökuməti arasında əlaqələri yüksək qiymətləndirən S.Şərifov O.Norocononun daimi nümayəndəliyə rəhbərliyi dövründə tərəflər arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib və bu işdə ona lazımi dəstək və yardım göstərəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bank 2010-cu il üçün Azərbaycanda kreditləşdirmə üçün prioritet sahələr kimi nəqliyyat, enerji və su təchizatını müəyyən edib. Bu ilin əvvəlinə bankın kredit portfeli Azərbaycanda 14 layihə üzrə 660,4 mln. ABŞ dolları təşkil edib. Bundan başqa, əməkdaşlıq dövründə AİB Azərbaycan hökumətinə və yerli şirkətlərə 13,122 mln. dollar məbləğində qrant ayırıb.

Xatırladaq ki, AİB-in Direktorlar Şurasının Azərbaycan tərəfindən üzvü ölkənin maliyyə naziridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR