Bank Of Baku

«Aqrarkredit» bu il kənd təsərrüfatı sektorunda sahibkarlara 5,6 mln. manat kredit verib

«Aqrarkredit» bu il kənd təsərrüfatı sektorunda sahibkarlara 5,6 mln. manat kredit verib
# 01 dekabr 2010 07:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı 2010-cu ilin yanvar-oktyabr aylarında öz vəsaitləri hesabına kənd təsərrüfatı sektorunda 582 sahibkarlıq subyektinə 5,612 mln. manat həcmində kredit ayırıb.

«Aqrarkredit»dən «APA-Economics»ə verilən məlumata görə, kreditlərin 2,425 mln. manatı heyvandarlığın inkişafına, 2,439 mln. manat ticarət və xidmət sahələrinə, 271 min manat bitkiçiliyə, 243 min manat isə digər sahələrə ayrılıb.

Bundan başqa, bu müddət ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 124 sahibkarlıq subyektinə 1,978 mln. manat kredit verilib.

Qeyd edək ki, təşkilatın icra etdiyi kredit layihələrindən biri də Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (IFAD) maliyyələşdirdiyi «Şimal-Şərq Kənd İnkişafı Layihəsi»dir. Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarını əhatə edən bu layihə üzrə «Aqrarkredit» tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan 107 fiziki şəxsə və borcalan qruplara 285,3 min manat kredit ayrılıb. Eyni zamanda IFAD-ın maliyyələşdirdiyi «Şimal-Qərb Kənd İnkişafı Layihəsi» üzrə 17 borcalan qrupa 63,6 min manat kredit verilib.

«Aqrarkredit»in hesabatında qeyd olunub ki, Yaponiya hökumətinin qrantı və Tərəfdaşlıq Fondu hesabına ötən illərdə alınmış və lizinq qaydasında kənd təsərrüfatı məhsulları istehsalçılarına icarəyə verilmiş kənd təsərrüfatı texnikalarının istifadəsindən cari ilin 10 ayı ərzində 372,9 min manat vəsait toplanıb.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında təşkilatın ümumi gəlirləri 5,581 mln. manat, xərcləri isə 4,759 mln. manat olub. Nəticədə, bu ilin 10 ayında «Aqrarkredit»in balans mənfəəti 822 min manat təşkil edib.

Təsisçisi Azərbaycan Maliyyə Nazirliyi (99,98%), «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti və digər dövlət təşkilatları olan «Aqrarkredit» qeyri-bank kredit təşkilatı 2001-ci ildən fəaliyyət göstərir. Cari ilin noyabr ayının 1-nə təşkilatın aktivlərinin həcmi 27,205 mln. manat, kredit portfeli 16,9 mln. manat, məcmu kapitalı 14,555 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,535 mln. manat təşkil edib. Hazırda qurumun ölkə üzrə 12 filialı və 4 nümayəndəliyi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR