Bank Of Baku

«Rabitəbank»ın səhmdarlarının növbəti iclasının vaxtı müəyyənləşib

«Rabitəbank»ın səhmdarlarının növbəti iclasının vaxtı müəyyənləşib
# 02 dekabr 2010 09:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin səhmlərinin bir hissəsinin Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) satılması ilə bağlı keçiriləcək səhmdarların növbəti iclasının tarixi müəyyənləşib. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimov bildirib.

E.Qədimovun sözlərinə görə, bu il dekabr ayının 10-da keçiriləcək iclasda bankın səhmlərinin 12,5%-nin IFC-yə, 12,5%-nin isə EBRD-yə satılması təsdiq ediləcək. İclasda həmçinin səhmdar kapitalının artırılması, EBRD və IFC-nin bankın səhmdarları olması ilə əlaqədar nizamnamədə dəyişikliklərin edilməsi və digər texniki məsələlər müzakirə olunacaq.

Bununla yanaşı, səhmdarlar nizamnamədə edilən dəyişikliklərlə əlaqədar olaraq bankın Müşahidə Şurasının əsasnaməsinə dəyişikliklərin edilməsi, bankın institutsional inkişaf planının təsdiqini nəzərdən keçirəcək.

Xatırladaq ki, ilkin razılaşmaya əsasən, «Rabitabank» səhmlərinin 12,5%-ni IFC-yə, daha 12,5%-ni EBRD-yə satacaq. Səhmlərin satılması ilə bağlı əlavə 3,5 mln. manatlıq səhm emissiyası nəzərdə tutulub. Səhmlərin alqı-satqı prosesi yekunlaşdıqdan sonra bankın nizamnamə kapitalı 35% artaraq 13,5 mln. manata çatacaq.

Qeyd edək ki, səhmlərin qalan hissəsi hüquqi və fiziki şəxslərə məxsusdur.

«Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 116,876 mln. manat, depozit portfeli 63,805 mln. manat, kredit portfeli 80,827 mln. manat, məcmu kapitalı 13,116 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,103 mln. manat təşkil edib. Bankın hazırda 20 filialı, 27 bankomatı və 129 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR