Bank Of Baku

Azərbaycanın dövlət orqanlarında aparılan yoxlamalarda özəl audit şirkətləri də iştirak edəcək

Azərbaycanın dövlət orqanlarında aparılan yoxlamalarda özəl audit şirkətləri də iştirak edəcək
# 02 dekabr 2010 13:31 (UTC +04:00)
Azərbaycan Hesablama və Auditorlar palataları arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Hesablama Palatasından «APA-Economics»ə verilən məlumata görə, imzalanmış sənəd auditor təcrübəsinin ümumiləşdirilməsi, maliyyə sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığın inkişafı, milli və beynəlxalq təcrübənin mübadiləsini əhatə edir. Bundan başqa memorandum hər iki palataya qarşılıqlı maraq kəsb edən məsələlərin həllində qarşılıqlı fəaliyyətin təşkilinə imkan verməlidir.

Sənədə əsasən, Hesablama Palatası maliyyə nəzarəti sisteminin, Auditorlar Palatası isə audit xidmətinin təkmilləşdirilməsi sahəsi üzrə zəruri tədbirlər görəcək. Bundan başqa, qurumların birgə tədqiqatlar aparıb, analitik və metodiki materiallar hazırlaması, normativ hüquqi aktların layihələrinin hazırlanmasında məsləhətləşmələrin aparılması da nəzərdə tutulur.

Memorandumun ən maraqlı məqamı Hesablama Palatasının apardığı auditlərə Auditorlar Palatasının üzvlərinin də cəlb edilməsi olacaq. Belə ki, sənədə əsasən, Hesablama Palatası tərəfindən aparılan audit tədbirlərinə Auditorlar Palatasının üzvü olan sərbəst auditorlar və audit təşkilatları da cəlb edilə bilər. Qeyd edək ki, Hesablama Palatasının nəzarət tədbirlərinin yalnız dövlət qurumları və dövlət müəssisələrində aparıldığını, Auditorlar Palatası üzvlərinin isə özəl sahibkarlıq subyektləri olduğunu nəzərə alanda, bu memoranduma əsasən, dövlət təşkilatlarının yoxlanmasında özəl şirkətlər də iştirak edəcək.

Bundan başqa, memorandumda milli və beynəlxalq təcrübənin öyrənilməsi və mübadiləsi, audit sahəsində beynəlxalq standartların, o cümlədən Ali Audit Qurumlarının Beynəlxalq Standartlarının (ISSAI) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (IFRS) tətbiqi ilə əlaqədar müvafiq tədbirlərin birgə həyata keçirilməsi əksini tapıb.

Sənədə uyğun olaraq təşkilatların işçi görüşlər, elmi-praktik konfranslar, elmi seminarlar və dəyirmi masalar təşkil etməsi də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR