Bank Of Baku

«Qala Sığorta» şirkəti sığorta portfelini «Qarant Sığorta»ya ötürüb

«Qala Sığorta» şirkəti sığorta portfelini «Qarant Sığorta»ya ötürüb
# 07 dekabr 2010 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qala Sığorta» şirkəti lisenziyasını «Qala Həyat» sığorta şirkətinə dəyişdiyi üçün qeyri-həyat sığortası üzrə mövcud portfelini «Qarant Sığorta» şirkətinə ötürüb. Bunu «APA-Economics»ə açıqlamasında «Qala Həyat» sığorta şirkəti İdarə Heyətinin sədri Abbas Babayev bildirib.

A.Babayevin sözlərinə görə, təxminən 10 min manat həcmində olan sığorta portfeli səhmdarların qərarı ilə «Qarant Sığorta»yə yönəldilib. Portfelin digər şirkətə ötürülməsi ilə bağlı «Qala Sığorta» şirkətinin müştərilərinə əvvəlcədən xəbərdarlıq edilib.

A.Babayev bildirib ki, portfelin qazanılmamış hissəsinin (müqavilələrin bitməyən hissəsi) ötürülməsi prosesi bu günlərdə başa çatıb və bununla da portfel 100%-lik «Qarant Sığorta» şirkətinin icraatına verilib.

A.Babayev qeyd edib ki, şirkətin lisenziyasının həyat sığortası ilə bağlı profilə dəyişməsinin əsas səbəbi Azərbaycanda həyat sığortası sahəsinin gələcək perspektivləri ilə əlaqəlidir. «Azərbaycanın sığorta bazarında qeyri-həyat sığortası üzrə kifayət qədər şirkət var. Buna görə də şirkətin səhmdarlarının sonuncu iclasında lisenziyanın həyat sığortasına dəyişilməsi ilə bağlı konkret qərar qəbul olunub», - deyə sədr bildirib.

Qeyd edək ki, bu il noyabr ayının 30-da Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən şirkətin lisenziyasının təyinatı və adı dəyişərək «Qala Həyat» olub.

Xatırladaq ki, «Qala Həyat» sığorta şirkəti 2008-ci ilin iyulunda «Qala Sığorta» şirkəti adı ilə fəaliyyətə başlayıb. Hazırda şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (60%) və 1 fiziki şəxs (40%) çıxış edir. Şirkət (həyat sığortasına aid) 2 icbari və 1 könüllü sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR