Bank Of Baku

Azərbaycanda kredit faizlərinin yüksək olmasının səbəbləri araşdırılacaq

Azərbaycanda kredit faizlərinin yüksək olmasının səbəbləri araşdırılacaq
# 07 dekabr 2010 13:17 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Media və İctimai Təşəbbüslər Mərkəzi Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində dekabr ayından etibarən kredit bazarını təhlil edəcək. Mərkəzin rəhbəri Samir Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, tədqiqat çərçivəsində Azərbaycan banklarında kredit faizlərinin yüksək olmasına təsir edən amillər qiymətləndiriləcək. Tədqiqatdan əvəl təşkilatın ekspertləri kredit bazarında ilkin araşdırmalar aparıblar. Bu araşdırmalara əsasən, hazırda Azərbaycanda bank kreditlərinin orta faiz dərəcəsi milli valyutada 14%, xarici valyutada isə 17% təşkil edir. Biznes kreditləri 20-25%, istehlak kreditləri isə 20-30% civarındadır. Bəzi hallarda istehlak kreditlərinin faiz dərəcələri 36%-ə çatır: «Bu xarici ölkələrdəki faiz dərəcələrindən yüksəkdir - məsələn, Avropa İttifaqı ölkələrində istehlak krediti orta hesabla 7-8%-ə verilir. Almaniya, Lüksemburq, Finlandiya, Belçika və Fransada dərəcələr müddətdən asılı olaraq 2-7% təşkil edir. ABŞ-da bu göstərici 5%-dən çox deyil. Kredit faizlərinin yüksək olması isə ölkədə iqtisadi aktivliyə mənfi təsir edir».

Tədqiqat çərçivəsində Azərbaycanın maliyyə bazarında kredit faizlərinin yüksək olmasını şərtləndirən amillər müəyyən ediləcək, təsir dərəcəsinə görə ranqlaşdırılacaq və hər bir amil üzrə faiz dərəcələrinin aşağı salınması istiqamətində təkliflər hazırlanaraq qərar qəbul edən şəxslərə çatdırılacaq. Eləcə də bir sıra ölkələrdə faiz dərəcələrinin təsiri və kredit faizlərinin aşağı salınmasına gətirib çıxarmış uğurlu təcrübə öyrəniləcək və həmin ölkələrin qanunvericiliyi araşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR