Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan üzrə yeni strategiyasını təsdiq edib

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan üzrə yeni strategiyasını təsdiq edib
# 09 dekabr 2010 10:05 (UTC +04:00)
Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan üzrə 2010-2013-cü illəri əhatə edən yeni strategiyasında bildirilir. Artıq qəbul olunmuş strategiyada ölkənin siyasi və iqtisadi sahələrdəki keçid dövründə əldə etdiyi nailiyyətləri təhlil olunur və AYİB-in Azərbaycandakı prioritetlərini açıqlayır.

Bankın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, prioritet sahələr ölkənin qeyri-neft sektoruna investisiya qoyuluşlarının artırılmasını, eləcə də maliyyə sektorunun inkişaf etdirilməsini və kiçik müəssisələrin dəstəklənməsini əhatə edəcək. Digər başlıca prioritet isə islahatların həyata keçirilməsini və investisiya mühitini təkmilləşdirmək məqsədilə səlahiyyətli təşkilatlarla əməkdaşlıq siyasətinin işlənib hazırlanması məsələləri üzrə dialoqun aparılmasından ibarət olacaq. Bankın məlumatında qeyd olunur ki, 2007-ci ildən indiyədək Azərbaycanın iqtisadiyyatı neft və qaz sektorunun sürətli yüksəlişi sayəsində hər il təqribən orta hesabla 14,8% inkişaf edib. Hesablamalara görə, 2009-cu ildə ölkədə ÜDM-in 47%-ni neft-qaz sektoru təşkil edib. Bu dövr ərzində qeyri-neft sahəsi neft-qaz sektorunun tikinti və xidmət sektorlarına göstərdiyi təsirdən bəhrələnib, nəticədə həmin sektorlarda eyni dövr ərzində müvafiq olaraq 13,1% və 11,8% artım baş verib.

Bank mütəxəssisləri bildirir ki, yaxın illərdə də Azərbaycanda ÜDM artımı əsasən neft və qaz sektorlarından asılı olmaqda davam edəcək. Bu il isə ÜDM-in 4%-ə qədər artımı gözlənilir.

AYİB-in Azərbaycandakı ofisinin direktoru Frencis Delay bildirib ki, artıq yeni strategiya 2010-cu ilin iyul ayından etibarən ictimaiyyətin müzakirəsinə verilib. Bu sənəd AYİB-in qeyri-neft sektorunun və işgüzar mühitin inkişafına davamlı dəstəyini açıqlayır: «AYİB öz prioritetlərindən biri kimi maliyyə sektorunun inkişafına dəstəyini davam etdirəcək və Azərbaycanın korporativ sektoruna maliyyə və texniki yardım göstərilməsini təmin etməklə iqtisadiyyatının şaxələnməsinə yardım edəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR