Bank Of Baku

«Qarant Sığorta» şirkəti əlavə sığorta ödənişinə görə «Fidan Sığorta»nı məhkəməyə verib

«Qarant Sığorta» şirkəti əlavə sığorta ödənişinə görə «Fidan Sığorta»nı məhkəməyə verib
# 14 dekabr 2010 10:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkəti əlavə sığorta ödənişinin verilməsi tələbi ilə «Fidan Sığorta» ASC-ni məhkəməyə verib.

«APA-Economics»in 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə istinadən verdiyi məlumata görə, iddianın əsas mahiyyəti avtomobil qəzası nəticəsində «Fidan Sığorta» ASC-nin «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası» növü üzrə şişirdilmiş sığorta ödənişindən imtina etməsidir.

«Fidan Sığorta» şirkətinin baş mühasibi Əli Vəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, bu icbari sığorta növü üzrə müqavilədə zərər vuran tərəf zərər çəkənə riskin dərəcəsindən asılı olaraq sığorta ödənişi etməlidir. «Bu qaydalara «Fidan Sığorta» tərəfindən riayət olunub. Şirkətimiz tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası» növü üzrə sığortalanan xarici avtomobilə avto-qəza nəticəsində elə də ciddi ziyan dəyməyib. «Qarant Sığorta» isə avtomaşını könüllü sığorta üzrə sığortalayıb. Qəza yerində hər iki sığorta şirkətinin nümayəndəsi iştirak edib və qiymətləndirmə aparılıb. Yekun qiymətləndirmə nəticəsində avtomobilə dəymiş ziyan təxminən 150 manat həcmində müəyyənləşdirilib. Lakin sonradan «Qarant Sığorta» şirkətinin nümayəndələri avtomobilə dəymiş ziyanın 150 manat deyil, 1000 manat olması iddiasını irəli sürüb və bununla əlaqədar məhkəməyə müraciət ediblər. Biz isə bütün bu iddialarla razılaşmırıq», - deyə Ə.Vəliyev bildirib.

Qeyd edək ki, «Qarant Sığorta» şirkətinin rəhbərliyi məsələyə münasibət bildirmək istəməyib.

Bu gün 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində sözügedən iş üzrə məhkəmə baxışı keçiriləcək.

Təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.

Təsisçisi bir hüquqi və iki fiziki şəxs olan «Fidan Sığorta» şirkəti isə 1994-cü ildən fəaliyyət göstərir. Şirkət hazırda 15 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR