Bank Of Baku

«Paşa Bank» 2010-cu ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabatını açıqlayıb

«Paşa Bank» 2010-cu ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabatını açıqlayıb
# 24 fevral 2011 12:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin yanvarın 1-nə 509,074 mln. manat təşkil edib ki, bu da keçən ilin müvafiq göstəricisindən 66% çoxdur. «APA-Economics»in məlumatına görə, bunu ötən ilki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

F.Axundovun sözlərinə görə, 509,074 mln. manatın 36%-i müştərilərə verilmiş kreditlər, 31%-i qiymətli kağızlara investisiyalar, 17%-i nağd vəsaitlər, 15%-i banklararası kreditlər və digər aktivlərin payına düşür. «Ümumi kredit portfeli 2009-cu ilə nisbətən 1,6 dəfə artaraq 194,860 mln. manat təşkil edib. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 6,2% təşkil edib ki, 2009-cu ildə bu rəqəm 2% olub. Bankın ümumi portfelindəki qeyri-işlək kreditlərin payı 0,6% təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 0,3 faiz bəndi azdır. Ötən il ərzində əldə olunan xalis mənfəət 2009-cu illə müqayisədə 27% azalaraq 11,694 mln. manat olub. Bunun səbəbi bazarda kreditləşmə üzrə orta faiz dərəcələrinin azalması, planlaşdırılmamış müddətli hesabların artımı üzrə yüksək faiz xərclərinin yaranması, ehtiyat fondunun artırılması, əməliyyat xərclərində gözlənilməz, lakin strateji vacib xərclərin tanınması və s. amillərlə bağlıdır», - deyə bankın sədri bildirib.

F.Axundov qeyd edib ki, ötən il bankın faiz gəlirləri 33,842 mln. manat olub, qeyri-faiz gəlirləri 2 dəfə artaraq 5,264 mln. manat, işçilərlə əlaqədar olan xərclər isə 1,7 dəfə artaraq 5,680 mln. manat təşkil edib. Sənədli əməliyyatlar 30,330 mln. manat, ROE - 17,6% (2009-cu ildə - 16,9%), ROA - 4% (2009-cu ildə - 5,5%), likvidlik əmsalı 171% (2009-cu ildə - 77%), kapitalın adekvatlığı əmsalı 50% (2009-cu ildə - 77%) təşkil edib.

Bankın kredit portfelinin divesifikasiyasından danışan F.Axundov portfelin 49,93%-nin ticarət və xidmət sektoruna, 17,91%-nin inşaat sektoruna, 14,47%-nin sənaye və istehsal sektoruna, 10,26%-nin isə hotel biznesi sektoruna ayrılan kreditlər təşkil etdiyini qeyd edib. «Ötən il ərzində qiymətli kağızlara investisiya portfeli 86% artaraq 156,5 mln. manat, banklararası yerləşdirmələr və qalıqlar 54% artaraq 74,6 mln. manat təşkil edib. Xəzinədarlıq əməliyyatlarından əldə edilən qeyri-faiz gəlirləri 105% artaraq 4,1 mln. manat olub. Həmçinin, ticarətin maliyyələşdirilməsi portfelinin həcmi 2009-cu illə müqayisədə 32%, ticarətin maliyyələşdirilməsi üçün aparıcı Qərb bankları tərəfindən bank üçün açılan kredit xətlərinin həcmi isə 29% artıb», - deyə «Paşa Bank»ın başçısı vurğulayıb.

Tədbirdə iştirak edən bankın baş əməliyyat inzibatçısı Emil Hacıyev bildirib ki, 2010-cu il ərzində bankın ilk miqyaslı layihəsi olan müasir xarici avtomatlaşdırılmış sistemin tətbiq edilməsi müvəffəqiyyətlə başa çatdırılıb. Latviyanın «Tieto» şirkətinin «BankSyst» adlı avtomatlaşdırılmış bank sisteminin tətbiqi ilə əksər əməliyyatların avtomatlaşdırılması, funksional spektrinin genişləndirilməsi və əməliyyatlara nəzarət sisteminin gücləndirilməsi kimi məqsədlərə nail olunub. Sistemin bütün əsas modulları (Müştəri modulu, Baş Mühasibat Kitabı, Ödəniş, Hesabat və bir neçə digər modullar) 1,5 il müddətində istismara verilib.

E.Hacıyevin sözlərinə görə, «BankSyst»lə yanaşı həmin müddət ərzində digər müasir bank proqram təminatı olan «Tieto»nun xüsusi kart modulu - «Card Suite» və sistemlərarası interfeys tətbiq edilib: «Nəticədə, bank insan resurslarının daha səmərəli istifadə edilməsinə, kağız daşıyıcılardan istifadənin azaldılmasına nail olub. Ötən il ərzində bank «Gömrük kartı» (gömrük rüsumlarının ödənilməsini asanlaşdırmaq üçün nəzərdə tutulub), «Korporativ kart» (işgüzar fəaliyyətə bağlı xərclərə effektiv şəkildə nəzarət etməyə imkan verir), «Əmək haqqı» kartı (korporativ müştərilərin əmək haqqı ödənişləri üçün), «Fleksi kart» və «Premium kart» məhsullarını da təqdim edib».

E.Hacıyev bildirib ki, xidmətlər üzrə məlumatların daha asan yolla əldə edilməsi üçün, ilkin mərhələdə hələlik yalnız kart sahibləri üçün bankda Xidmət Mərkəzi yaradılıb. Hazırda Xidmət 15 saat ərzində fəaliyyət göstərir, lakin yaxın vaxtlarda iş vaxtı 24 saatadək artırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR