Bank Of Baku

Azərbaycanda məhkəmə hakimlərinin maddi təminatının yaxşılaşdırılması təklif olunur

Azərbaycanda məhkəmə hakimlərinin maddi təminatının yaxşılaşdırılması təklif olunur
# 01 iyun 2011 12:35 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti Komitəsinin sədri, millət vəkili Əli Hüseynov bildirib.

Onun sözlərinə görə, hakimlərin maddi təminatının yaxşılaşdırılması üçün bir neçə səbəb var: «Əvvəla müasir dövrdə məhkəmənin rolu həddən artıq yüksəlib, çünki iqtisadiyyat inkişaf etdikcə, mübahisələr də artır. Həm vətəndaşlar arasında mülki mübahisələr artır, həm də iqtisadiyyat inkişaf etdikcə, iqtisadi mübahisələr çoxalır. Belə vəziyyətdə vətəndaşın və iş adamının son inandığı instansiya məhkəmədir və bütün məsuliyyət də onun üzərinə düşür».

Digər tərəfdən, millət vəkilinin fikrincə, dünya təcrübəsi göstərir ki, ən yaxşı məhkəmə sistemi həm də ən bahalı məhkəmə sistemidir: «Ona görə də baxmayaraq ki, son dövrdə Azərbaycan məhkəmə sistemində islahatlar aparılıb, eləcə də hakimlərin maddi təminatı ilə bağlı çox iş görülüb, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizənin indiki mərhələsində, xüsusən də məhkəmə sistemində ciddi tədbirlərin görüldüyü bir vaxtda hakim korpusunun maddi təminatının artırılması barədə düşünmək lazımdır».

Bundan başqa, Ə.Hüseynovun sözlərinə görə, məhkəmə hakimlərinin maddi durumunun yaxşılaşdırılmasını ölkədəki iqtisadi vəziyyət də tələb edir. Belə ki, bu gün Azərbaycanda müasir hakim korpusunun böyük hissəsi işə test üsulu ilə obyektiv şəkildə qəbul olunmuş yeni insanlardır. Amma eyni zamanda bazar iqtisadiyyatı peşəkar hüquqşünasların başqa sahələrdə və daha qazanclı işlərdə işləməsinə də şərait yaradır. Belə vəziyyətdə hakimlik hüquqşünaslar üçün maddi cəhətdən cəlbedici olmalıdır: «Deməli biz elə etməliyik ki, hakim peşəsi həm də peşəkar hüquqşünaslar üçün maddi cəhətdən maraqlı olsun. Çünki buradakı iş yükü digər sahələrdəkindən xeyli artıqdır».

Ə.Hüseynov bu təklifin ictimaiyyət tərəfindən o qədər də yaxşı qarşılanmayacağını istisna etməsə də, hakimlərin maddi durumunun yaxşılaşdırılmasını mühüm olduğunu bildirir: «Çünki korrupsiyaya qarşı mübarizənin iki əsas elementi var – vicdanlı məmur üstəgəl maddi təminat. Birinci amilə gəldikdə hesab edirəm ki, bizim dövlət hakimiyyət orqanlarındakı məmurlar əsas etibarı ilə vicdanlı insanlardır, amma bununla yanaşı, hökmən maddi təminat da olmalıdır».

Komitə sədrinin sözlərinə görə, hakimlərlə yanaşı, məhkəmə aparatının əməkdaşlarının da əmək haqqının artırılması barədə düşünmək lazımdır.

Xatırladaq ki, hazırda Azərbaycanda 1-ci instansiya məhkəməsi hakimlərinin aylıq əmək haqqı minimum 850 manat, 1-ci instansiya regional məhkəmələrin hakimlərinin əmək haqqı minimum 1100 manat, Appelyasiya Məhkəməsi hakimlərinin orta aylıq əmək haqqı minimum 1200 manat, Ali Məhkəmənin hakimlərinin orta aylıq əmək haqqı isə 1500 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR