Bank Of Baku

Azərbaycan bank sistemində ROA əmsalı 1%-ə çatıb

Azərbaycan bank sistemində ROA əmsalı 1%-ə çatıb
# 08 iyun 2011 12:31 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yeni «Maliyyə sabitliyi icmalı»nda deyilir.

İcmala əsasən, hesabat dövründə banklar 38,3 mln. manat həcmində vergi ödənilənədək mənfəət əldə edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici sabit qalıb. Vergi ödənildikdən sonra isə xalis mənfəət 37,6 mln. manat təşkil edib və ötən ildəki səviyyədən 9% çox olub.

Bank sistemində kredit faizlərinin aşağı düşməsinə (əsasən, xarici valyutada verilən kreditlər üzrə) və kreditlərin cəmi aktivlərdə payının azalmasına baxmayaraq, bankların verdiyi kreditlər üzrə faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5% artıb və 238,4 mln. manat təşkil edib. Müştərilərə verilmiş kreditlərdən əldə olunmuş faiz gəlirlərinin orta aktivlərə nisbəti isə 7,5%-dən 7,3%-dək azalıb.

Bir tərəfdən əhalinin əmanətlərinin artması (8,6%), digər tərəfdən isə kreditlərin azalması (9,1%) banklarda əlavə likvidlik yaradıb və mənfəətliliyi azaldıb. Ümumi həcmdə faiz gəlirləri 259 mln. manat (ötən ilin I rübünə nisbətən artım - 4,3%) təşkil edib. Faiz gəliri gətirən digər əməliyyatlardan (banklararası tələblər, qiymətli kağızlar və maliyyə lizinqi) əldə edilən gəlir 28% azalıb və orta aktivlərə nisbətən 0,6% təşkil edib. Qiymətli kağızlar üzrə gəlirliyin son bir ildə 7,9%-dən 3,9%-ə azalması müşahidə olunur ki, bu da onların tərkibində dövlət qiymətli kağızlarının payının artması ilə əlaqədardır.

Bankların qeyri-faiz gəlirləri ötən ilin müvafiq səviyyəsini 8,2% üstələyib və 65,7 mln. manata çatıb. Bu, müştəri hesablarının aparılması və onlara xidmət göstərilməsinə görə komissiya üzrə gəlirlərin artması ilə izah olunur.

Eyni zamanda, hesabat rübündə bankların xarici valyuta ilə apardığı əməliyyatlardan xalis gəlirləri 17,7 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1% azdır. Xarici valyuta ilə aparılan əməliyyatlardan əldə olunmuş xalis gəlirlərin bank sektorunun orta aktivlərə nisbəti 0,7%-dən 0,5%-ə enib. Bu, banklar tərəfindən açıq valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədardır.

Bütövlükdə, bankların ümumi gəlirləri (faiz və qeyri-faiz) 324,9 mln. manat təşkil edib və ötən ilin müvafiq dövründəki səviyyədən 5% (15,6 mln. manat) çox olub.

Bankların faiz xərcləri 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,8% artıb və 140,2 mln. manat təşkil edib. Bu, əsasən fiziki şəxslərin əmanətlərinin artması ilə əlaqədardır. Faiz xərclərinin mütləq ifadədə artmasına baxmayaraq, onların orta aktivlərə nisbəti ötən illə müqayisədə 4,5%-dən 4,3%-ə azalıb. Qeyri-faiz xərcləri isə ötən ilin I rübü ilə müqayisədə 23,1% artıb və rübün sonuna 121,3 mln. manat təşkil edib. Buna səbəb digər əməliyyat xərclərinin artması olub. Beləliklə, 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə bankların ümumi xərcləri (faiz və qeyri-faiz) 13,2% və ya 30,5 mln. manat artaraq 261,5 mln. manata çatıb.

Bu dövrdə bankların xalis əməliyyat mənfəəti 63,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 19% azdır. Ehtiyatların yaradılmasına ayırmaların orta aktivlərə nisbəti isə 1,3%-dən 0,8%-ə enib.

Bütün bunun nəticəsində bank aktivlərinin gəlirliliyi (ROA əmsalı) rübün yekunlarına görə 1,1%, kapitalın gəlirliliyi (ROE əmsalı) isə 8,7% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR