Bank Of Baku

Rusiyanın ÜTT-yə üzvlüyü daha bir neçə il uzana bilər

Rusiyanın ÜTT-yə üzvlüyü daha bir neçə il uzana bilər
# 20 iyun 2011 09:00 (UTC +04:00)
Bakı - APA-ECONOMICS. Bu ilin iyul ayının sonuna qədər prinsipial məsələləri razılaşdırmaq mümkün olmasa, Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü illərlə uzana bilər. “APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Elvira Nabiullina bildirib.

Onun sözlərinə görə, üzvlük qrafiki çox mürəkkəbdir: “Üzvlük prosesini 2011-ci ilin sonu - 2012-ci ilin əvvəlinə qədər yekunlaşdırmaq üçün iyulun sonuna qədər bütün əhəmiyyətli məsələlər - sənaye istehsalı, ətin idxal rejimi, kənd təsərrüfatının dəstəklənməsi, veterinar və fitosanitar tədbirlər üzrə razılıq əldə olunmalıdır. Əgər ilk üç məsələ üzrə iyulun sonuna qədər tərəfdaşlarımızla razılıq əldə edə bilməsək, digər məsələlər üçün illər sərf etməli olacağıq. Biz ya indi konstruktiv yanaşma nümayiş etdirməliyik, ya da bu, çox uzunmüddətli pauza olacaq”.

Qeyd edək ki, beynəlxalq ticarətin liberallaşdırılması və üzv ölkələrin siyasi-ticari münasibətlərinin tənzimlənməsi üçün yaradılan ÜTT hazırda 153 ölkəni özündə birləşdirir. Rusiyanın ÜTT-yə üzvlüyü üçün onların hər birinin razılığı tələb olunur. Bu səbəbdən Gürcüstanın vetosu Rusiyanın ÜTT-yə üzvlüyünü əngəlləyir. Rəsmi Tiflisin irəli sürdüyü əsas şərt isə Gürcüstanın tanınmamış Cənubi Osetiya və Abxaziya respublikalarında gömrük məntəqələrinə tam nəzarətə sahib olmaqdan ibarətdir. Moskva bu şərtə razılıq verməyəcəyi müddətdə Gürcüstan da Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə maneələr yaradacaq.

Adətən, hansısa ölkənin ÜTT-yə üzvlüyü ilə bağlı danışıqlar 5-7 il çəksə də, Rusiya bu sahədə rekord göstəriciyə imza atıb - 17 il. Hazırda Rusiya bu beynəlxalq təşkilata üzv olmayan yeganə nəhəng iqtisadiyyatlı ölkədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR