Bank Of Baku

Azərbaycanda kredit bürolarının iki ildən sonra açılacağı gözlənilir

Azərbaycanda kredit bürolarının iki ildən sonra açılacağı gözlənilir
# 23 iyun 2011 10:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda kredit bürolarının 2013-cü ilin mart ayında tam işə düşməsini gözləmək olar. «APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan üzrə layihə nümayəndəsi Teymur Heybətov bildirib.

Onun sözlərinə görə, kredit bürosunun fəaliyyəti ilə bağlı qanun layihəsi hələ Azərbaycan Mərkəzi Bankında müzakirə olunur (AMB) və yaxın gələcəkdə AMB-nin bu məsələyə dair konkret cavab verəcəyi gözlənilir: «Bu qanun layihəsini yüksək qiymətləndiririk. Eyni zamanda, kredit bürosuna dair biznes plan hazırlamışıq ki, hazırda bu sənəd müzakirə olunur».

T.Heybətov qeyd edib ki, əgər 2011-ci ilin payızında qanun layihəsi ölkə parlamentinə təqdim edilərsə və 2012-ci ilin yazında qəbul olunarsa, artıq 2013-cü ilin mart ayında kredit büroları tam fəaliyyətə başlaya bilər: «Qanun layihəsi qəbul olunandan sonra bir sıra hüquqi məsələlər həll olunmalı, daha sonra – 2012-ci ilin payız aylarında texniki tərəfdaşın seçilməsi və növbəti 6 ay ərzində bu tərəfdaşın işə başlaması gözlənilir. Nəticədə, kredit bürolarının 2013-cü ilin mart ayında fəaliyyətə başlamasını gözləmək olar».

IFC rəsmisi onu da bildirib ki, kredit bürosunun təxminən 5 səhmdarının olacağı gözlənilir və eyni zamanda, beynəlxalq maliyyə təşkilatı da cəlb olunacaq: «Büro təşkilat toplanan məlumatların satışını təşkil edəcək, xarici tərəfdaş isə proqram təmnatı ilə bağlı məsələləri həll edəcək».

Qeyd edək ki, Kredit Bürosu IFC-nin «Azərbaycanda və Orta Asiyada Maliyyə İnfrastrukturunun Gücləndirilməsi» layihəsi (ACAFI) çərçivəsində yaradılacaq. Büro Azərbaycanın maliyyə sistemində risklərin, problemli kreditlərin, həmçinin kreditorların borc verilməsində əməliyyat xərclərinin azaldılmasına yardım edəcək, o cümlədən, yeni kreditlərin sayını artıracaq. Yaradılacaq kredit büroları kiçik və orta bizneslə məşğul olan təşkilatlar, o cümlədən borcalan fiziki şəxslər barədə məlumatlar toplayacaq. Büronun açılmasından sonra onun tam fəaliyyətə başlaması üçün təxminən 2 il, kapitalın toplanması kimi məsələlərinin həlli üçün isə 9 ay tələb olunacaq. Kredit Bürosu müvafiq qanun layihəsi qəbul olunduqdan sonra fəaliyyətə başlayacaq ki, Azərbaycanda fəaliyyət göstərən banklar borcalanlar barədə məlumatları Büroya ötürməli olacaq.

Büronun kapitalına gəldikdə isə, IFC-nin apardığı sorğuya əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların 53%-i büroların kapitalında iştirak etmək istəyini bildirib, 47%-i isə bundan imtina edib.

Xatırladaq ki, kredit bürolarına nəzarət AMB tərəfindən aparılacaq. Onu da qeyd edək ki, hazırda AMB-nın nəzdində Mərkəzləşdirilmiş Kredit Reyestri də fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR