Bank Of Baku

Azərbaycanda vergi bəyannamələri vergi orqanları tərəfindən əvvəlcədən doldurulacaq

Azərbaycanda vergi bəyannamələri vergi orqanları tərəfindən əvvəlcədən doldurulacaq
# 24 iyun 2011 11:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Vergilər Nazirliyi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” prezident fərmanının icrasına dair Tədbirlər Planını təsdiqləyib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Tədbirlər Planına əsasən nazirliyin rəsmi internet səhifəsində xüsusi elektron xidmət bölməsinin yaradılması və təkmilləşdirilməsi nəzərdə tutulur. Bölmədə göstərilən xidmətin adı, xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin siyahısı, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron forması yerləşdiriləcək və şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin ediləcək.

Bundan başqa, Tədbirlər Planına əsasən elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətləri elektron formada qəbul ediləcək, bu barədə göndərən şəxsə bildiriş göndəriləcək, eləcə də həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılacaq.

Tədbirlər Planında göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi də nəzərdə tutulub. Bu ödənişlərin, eləcə də fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə zəruri texniki təhlükəsizlik tədbirləri də görüləcək.

Tədbirlər Planı çərçivəsində Vergilər Nazirliyinin rəsmi internet portalının təkmilləşdirilməsi və burdakı xidmətlərin genişləndirilməsi nəzərdə tutulur. Bu sahədə ən maraqlı yeniliklərdən biri vergi bəyannamələrinin vergi orqanları tərəfindən əvvəlcədən doldurulması sisteminin tətbiqi olacaq. Tədbirlər planına əsasən bununla bağlı xarici təcrübə öyrəniləcək və ilk mərhələdə bu yenilik ƏDV üzrə bəyannamələrdə tətbiq olunacaq.

Plana əsasən vergi bəyannamələrinin, hesabat və arayışların on-layn formada (sadələşdirilmiş vergi bəyannaməsi kimi) vergi orqanlarına təqdim olunması, saxlanılması və çap edilməsi imkanı yaradılacaq. Bundan başqa, vergi ödəyicilərinin və onların obyektlərinin, nəzarət kassa aparatlarının uçotu, fəaliyyəti ilə bağlı daxil olan ərizələrin təqdim olunması və cavablandırılması da elektron şəkildə həyata keçiriləcək.

Tədbirlər planında fiziki şəxslərin elektron imzadan istifadə etməklə internet vasitəsilə vergi uçotuna alınması üçün proqram təminatının hazırlanması nəzərdə tutulur. Bundan başqa, elektron ödəniş sisteminin yaradılması və təkmilləşdirilməsi üçün zəruri tədbirlər görüləcək.

Plana əsasən vergi ödəyicilərinə xidmət terminalların tikintisi davam edəcək, burda göstərilən xidmətlərin, o cümlədən elektron xidmətlərin spektri genişləndiriləcək. Nazirlik “Elektron audit” sisteminin tətbiqi məqsədilə qanunvericiliyə dəyişiklik edilməsi barədə təkliflər də hazırlamağı planlaşdırır.

Vergilər Nazirliyi elektron ticarət üzərində vergi nəzarətini də təkmilləşdirmək niyyətindədir. Tədbirlər planına əsasən elektron ticarət üzərində vergi nəzarətinin təşkili sahəsində beynəlxalq təcrübənin tədqiqi və bu sahədə təkliflərin hazırlanması nəzərdə tutulur.

Bundan başqa, vergi ödəyicilərindən daxil olmuş standart SMS-lərin avtomatik olaraq SMS vasitəsilə cavablandırılması mexanizminin yaradılması, eləcə də internet vasitəsilə vətəndaşların aidio-vizual qəbulunun təşkili imkanlarının yaradılması nəzərdə tutulur. Bütün bu işlərin 2011-2011-ci illər ərzində başa çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR