Bank Of Baku

Dünya dövlətləri İran və Şimali Koreya ilə işgüzar münasibətlərə diqqət yetirməyə çağırılır

Dünya dövlətləri İran və Şimali Koreya ilə işgüzar münasibətlərə diqqət yetirməyə çağırılır
# 01 iyul 2011 15:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Meksikanın paytaxtı Mexiko şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) və Cənubi Amerikanın FATF tipli regional qurumu olan GAFİSUD-un birgə plenar iclası keçirilib. Bu barədə “APA-Economics”ə Azərbaycanın Maliyyə Monitorinqi Xidmətindən bildirilib.

Plenar iclasda 2011-ci ilin fevral ayında yayımlanmış cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində strateji uyğunsuzluqlara malik olan və beynəlxalq maliyyə sisteminə ciddi təhlükə yaradan dövlətlər barədə FATF-ın İctimai Bəyanatı yeniləşdirilib.

İran İslam Respublikasını və Koreya Xalq Demokratik Respublikasını belə dövlətlərə aid etmiş FATF onları PL/TMM sahəsində mövcud strateji uyğunsuzluqların aradan qaldırılmasına dəvət edib, eləcə də dünya dövlətlərini İran və Şimali Koreya, habelə həmin ölkələrin hüquqi və fiziki şəxsləri ilə olan işgüzar münasibətlərə və aparılan əməliyyatlara xüsusi diqqətin yetirilməsinə dair öz maliyyə institutlarına tövsiyə etməyə çağırıb.

Bununla yanaşı, FATF tərəfindən ümumilikdə 39 dövlətin, o cümlədən Suriya, Türkiyə, Pakistan və Ukraynanın daxil olduğu sənədlər də ictimaiyyətin diqqətinə təqdim edilib. Sözügedən ictimai sənədlərdə PL/TMM sahəsində strateji uyğunsuzluqlara malik olan dövlətlərə FATF-la birgə hazırlanmış fəaliyyət planları çərçivəsində nəzərdə tutulmuş tədbirləri həyata keçirmək çağırışı ünvanlanıb.

Qeyd edək ki, FATF 1989-cu ildə «Böyük Yeddilik Dövlətləri (G-7)»nin Paris zirvə toplantısında yaradılıb. Hazırda FATF-ın 36 üzvü vardır ki, onlardan 34-ü dövlət, 2-si isə regional təşkilatdır. FATF PL/TM-ə qarşı fəaliyyət üzrə beynəlxalq standartları müəyyən edir, bu standartların üzv ölkələr tərəfindən tətbiqini müstəqil surətdə qiymətləndirir və dövlətlər üçün icrası məcburi xarakter daşıyan qərarlar qəbul edir. FATF 1990-cı ilin aprel ayında PL/TM-ə qarşı ətraflı fəaliyyət planı kimi çıxış edən 40 Tövsiyəni özündə əks etdirən hesabat təqdim edib. Bundan başqa, 2001-ci ildə terrorçuluğun maliyyələşdirilməsində qarşı mübarizəyə dair standartların hazırlanması FATF-ın missiyasına əlavə edilib. Həmin ilin oktyabr ayında terrorçuluğun maliyyələşdirilməsində qarşı mübarizəyə dair Səkkiz Xüsusi Tövsiyə hazırlanmış və qəbul edilib.

Qeyd edək ki, 2004-cü ilin oktyabr ayında terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair Səkkiz Xüsusi Tövsiyəyə daha bir Tövsiyə əlavə edilib. Hazırda FATF-ın Tövsiyələri “40+9” Tövsiyələri adı altında tanınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR