Göründüyü kimi, aktivlərin həcmi üzrə dinamika dəyişkənlik nümayiş etdirir ki, bunun nəticəsində aktivlər yanvarın 1-də müşahidə olunmuş maksimal göstəriciyə hələ də çatmayıb.
Aktivlərin strukturunda müştərilərə verilmiş kreditlərin həcmi iyulun 1-nə 8 328,8 mln. manat (xüsusi çəkisi 63,4%), müxbir hesabları 1 145,2 mln. manat (8,7%), investisiyaların həcmi 1 215,7 mln. manat (9,3%), nağd vəsaitlər 536,9 mln. manat (4,1%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 583,6 mln. manat (4,4%), digər aktivlər isə 1 330,9 mln. manat (10,1%) təşkil edib.
Kommersiya banklarının passivlərinin 82,7%-i bankların öhdəliklərinin payına düşür. Belə ki, bankların öhdəliklərinin həcmi 10 871,85 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 5 647,6 mln. manat depozitlər, 4 370,4 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 853,8 mln. manat digər öhdəliklərin payına düşür. Bankların məcmu kapitalı 2011-ci ilin iyulun 1-nə 2 269,2 mln. manata bərabər olub.