Bank Of Baku

«Fidan Sığorta» şirkəti yaxın 6 ayda fəaliyyətini bərpa etməyi planlaşdırır

«Fidan Sığorta» şirkəti yaxın 6 ayda fəaliyyətini bərpa etməyi planlaşdırır
# 26 avqust 2011 07:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən lisenziyasının qüvvəsi dayandırılmış «Fidan Sığorta» şirkəti 2012-ci ilin fevral ayınadək fəaliyyətini bərpa etmək niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş sığorta mütəxəssisi Əli Vəliyev bildirib.

Ə.Vəliyevin sözlərinə görə, maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunması ilə bağlı şirkətin lisenziyasının qüvvəsi Maliyyə Nazirliyi tərəfindən 6 ay müddətinə dondurulub. «Bu müddət ərzində şirkətin Direktorlar Şurası və İdarə Heyəti tərəfindən yaranmış problemlərin aradan qaldırılmasına, həmçinin lisenziyanın qüvvəsinin bərpasına cəhdlər olacaq. İnanırıq ki, növbəti ilin fevralınadək bu problem öz həllini tapacaq», - deyə Ə.Vəliyev bildirib.

Xatırladaq ki, Maliyyə Nazirliyinin müvafiq əmri ilə 2011-ci il avqust ayının 19-da «Fidan Sığorta» şirkətinin lisenziyasının qüvvəsi dayandırılıb. Buna səbəb şirkətin maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi barədə dövlət sığorta nəzarəti orqanı tərəfindən verilən təqdimatları icra etməməsi olub.

Qeyd edək ki, təsisçisi bir hüquqi və iki fiziki şəxs olan «Fidan Sığorta» şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Şirkət 15 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərib. Şirkətinin nizamnamə kapitalı 1,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR