Bank Of Baku

Maliyyə Nazirliyi: Azərbaycanın 2012-ci il dövlət büdcəsi daha da konservativ yanaşma ilə hazırlanıb

Maliyyə Nazirliyi: Azərbaycanın 2012-ci il dövlət büdcəsi daha da konservativ yanaşma ilə hazırlanıb
# 12 oktyabr 2011 13:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın 2012-ci il dövlət büdcəsində gəlirlərin xammal və material ehtiyatları hesabına formalaşan hissəsinə daha da konservativ yanaşılmaqla, büdcə xərclərinin tənzimləyici rolunun və sosial səmərəsinin artırılmasına diqqət yönəldilib. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin dərc etdiyi «Azərbaycanın 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri»nin təqdimatında bildirilir.

Təqdimatda qeyd olunub ki, 2012-ci ildə monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin nəzarətdə saxlanılması diqqət mərkəzində olacaq: «Gələn il üçün büdcə-vergi siyasəti «Büdcə sistemi haqqında» qanunun 11.5-ci maddəsi əsasında Azərbaycanın iqtisadi kursuna, ortamüddətli maliyyə siyasətinə, ölkənin iqtisadi və sosial-inkişaf proqnozlarına və müvafiq dövlət proqramlarına uyğun hazırlanıb».

Ortamüddətli perspektivdə ölkənin makroiqtisadi göstəricilərinin sabit artımına, qeyri-neft sektorundan əldə edilən vəsaitlərdən maksimum səmərə ilə istifadə edilməsinə, maliyyə intizamının gücləndirilməsinə və şəffaflığın daha da artırılmasına, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda, dövlət müəssisələrində, həmçinin digər sahələrdə nağd şəkildə ödəmələrin minimuma endirilməsinə nail olmaq, iqtisadiyyatın tənzimlənməsində dövlət büdcəsinin rolunu artırmaqla, onu əsas iqtisadi alətə çevirmək büdcə-vergi siyasətinin əsas məqsədlərindədir.

«Müvafiq dövlət proqram və tədbirlərinin ortamüddətli büdcə xərcləri ilə (növbəti il və sonrakı 3 il üçün) əlaqələndirilməsinin daha da təkmilləşdirilməsi, dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına tikintisi başa çatdırılan obyektlərin fəaliyyətə başlaması ilə bağlı tələb olunan xərclərin ortamüddətli büdcə xərclərində nəzərə alınması qarşıda duran vəzifələr sırasındadır. Ölkə iqtisadiyyatında əsas maliyyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrində risklərin qarşısının alınması, potensial gəlirlərin xammal, o cümlədən neft bazarının konyunkturundan asılılığının azaldılması istiqamətində tədbirlərin görülməsi qarşıda duran prioritetlərdəndir», - deyə təqdimatda bildirilir.

Təqdimatda həmçinin qeyd olunur ki, ortamüddətli dövrdə ölkənin daxili resurslarının payının artırılması hesabına iqtisadiyyata daha çox sərmayə qoyulması, mərhələlərlə xərclərin orta və uzunmüddətli dövrləri əhatə edən proqramlar əsasında proqnozlaşdırılmasının daha da genişləndirilməsi, funksional səviyyədə xərclərin strukturunun təkmilləşdirilməsi, dövlət zəmanəti ilə iqtisadiyyata cəlb olunan və dövlət büdcəsində dövlət investisiya xərcləri üçün nəzərdə tutulmuş vəsaitin prioritetlər, istiqamətlər (sahələr) üzrə bölgüsü və həmin vəsaitlərə nəzarəti daha da artırmaq qarşıda duran mühüm vəzifələrdəndir.

Qeyd edək ki, 2012-ci ilin icmal büdcəsinin gəlirləri 18 220,3 mln. manat, xərcləri 20 026,4 mln. manat, kəsiri isə 1 806,1 mln. manat həcmində proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR