Bank Of Baku

Azərbaycanın icmal büdcəsinin investisiya xərcləri son bir ildə 39% artıb

Azərbaycanın icmal büdcəsinin investisiya xərcləri son bir ildə 39% artıb
# 25 oktyabr 2011 06:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın icmal büdcəsinin investisiya xərcləri 3,985 mlrd. manat təşkil edib ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 1,116 mlrd. manat və ya 38,9% çoxdur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edən ölkənin maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, icmal büdcənin investisiya xərclərinin 3,281 mlrd. manatı və ya 54,2%-i dövlət büdcəsi xətti ilə, Naxçıvan Muxtar Respublikasının büdcəsi xətti ilə 32,2 mln. manat, Dövlət Neft Fondunun xətti ilə 335,6 mln. manat, xarici kreditlər hesabına isə 336,2 mln. manat xərclər həyata keçirilib.

«Həmin vəsaitdən təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 394 mln. manat vəsait istifadə olunub. Müharibə əlilləri, şəhid ailələri və bu kateqoriyadan olan digər insanlar üçün yaşayış evlərinin və sosial obyektlərin tikintisinə 37 mln. manat, regionlarda idman komplekslərinin tikintisi və yenidən qurulmasına 31 mln. manat vəsait yönəldilib», - deyə S.Şərifov bildirib.

Nazir onu da qeyd edib ki, ölkənin əsas enerji, su təchizatı, qaz, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulmasına 761 mln. manat, o cümlədən regionların içməli su və suvarma-drenaj infrastrukturlarının yaradılması və yenidən qurulmasına 119 mln. manat, Bakı şəhərində və regionlarda elektrik paylayıcı şəbəkəsinin yenidən qurulmasına 102 mln. manat, qazlaşdırma tədbirlərinə isə 150 mln. manat vəsait ayrılıb.

S.Şərifov əlavə edib ki, Azərbaycanda kosmik sənayesinin yaradılması və inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi üçün dövlət büdcəsindən 20 mln. manat vəsait yönəldilib.

«Ölkənin bir çox magistral, şəhər, rayon, qəsəbədaxili yolları yenidən çəkilir, bəzilərində artıq işlər başa çatıb. Paytaxt Bakı şəhəri yaxınlığında böyük yeni müasir dəniz və hava limanlarının təməli qoyulub, gəmiqayırma zavodunun tikintisinə başlanılıb. Bütövlükdə ölkənin nəqliyyat sektoruna cari ilin 9 ayında 1,176 mlrd. manat vəsait yönəldilib. Bu vəsaitin 768 mln. manatı avtomobil nəqliyyatına və yollarına aid olan infrastruktur layihələrin maliyyələşdirilməsinə, 136 mln. manat Bakı Metropoliteninin inkişafına və genişlənməsinə, 216 mln. manat «Azərbaycan Hava Yolları» QSC-yə, 46,6 mln. manat Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinə gəmi bərələrinin alınmasına sərf edilib», - deyə S.Şərifov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR