Bank Of Baku

«İpək Yolu Sığorta» şirkəti ötən il bazar payını artırıb

«İpək Yolu Sığorta» şirkəti ötən il bazar payını artırıb
# 23 fevral 2012 10:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «İpək Yolu Sığorta» şirkətinin 2011-ci ildə topladığı sığorta haqlarının həcmi 21,633 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin yekun göstəriciləri ilə müqayisədə 79% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə toplanan sığorta haqlarının strukturunda ən çox vəsait «Hava nəqliyyatı vasitələrinin sığortası» (13,924 mln. manat) növü üzrə toplanılıb. Qalan vəsait isə «Hava nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası» (5,691 mln. manat), «Ümumi mülki məsuliyyətin sığortası» (834,8 min manat) və «Avtonəqliyyat vasitələrinin sığortası» (221,850 min manat) növlərinin payına düşüb.

Ödənişlərə gəldikdə isə, 2011-ci ildə sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmi 2,2 dəfə artaraq 8,976 mln. manata çatıb. Sığorta ödənişlərində ən çox vəsait «Hava nəqliyyatı vasitələrinin sığortası» (8,757 mln. manat və ya 98%) və «Hava nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası» (177,050 min manat və ya 2%) növləri üzrə ödənilib.

Hesabat ilində şirkətin könüllü sığorta növləri üzrə toplanan yığımları 21,356 mln. manat, icbari sığorta növləri üzrə 277,354 min manat olub. Ödənişlərdə isə vəsaitin hamısı könüllü sığorta növləri (8,976 mln. manat) üzrə həyata keçirilib.

Qeyd edək ki, ötən il şirkətin yığım üzrə bazar payı 2,35 faiz bəndi artaraq 10,13%-ə, ödənişlərə görə isə 7 faiz bəndi artaraq 14,58% təşkil edib.

Xatırladaq ki, «İpək Yolu Sığorta» ASC 1995-ci ildə «AZAL Sığorta» kimi yaradılıb, 2011-ci ilin iyul ayında şirkətin adı dəyişib. Şirkət hazırda 25 sığorta növü üzrə xidmət göstərir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 10,780 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR