Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəlirləri bu il 33% artıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəlirləri bu il 33% artıb
# 14 mart 2012 09:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 405,2 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 32,7% çoxdur.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 13,3% artaraq 176,5 mln. manat təşkil edib.

«Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,9%-i və ya 109,2 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12% artıb, proqnoz isə 106,4% icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 16,4% artıb», - deyə DSMF-dan bildirilib.

Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 67,4 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,5% artıb, proqnoz 99,8% icra olunub.

Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 0,4 mln. manat təşkil edib: «Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib».

Cari ilin yanvar-fevral aylarında DSMF-nin xərcləri 391,6 mln. manat olub. Fondun digər xərcləri 5,3 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 7,4% çoxdur.

Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 386,3 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,2% çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 32% artaraq 379,4 mln. manat təşkil edib.

Qeyd edək ki, 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9%-lik artım tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR