Bank Of Baku

Azərbaycan sığorta bazarı son bir ildə 80% artıb

Azərbaycan sığorta bazarı son bir ildə 80% artıb
# 15 mart 2012 15:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 58,916 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 83% çoxdur.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin ümumi həcmi 12% artaraq 9,547 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 6,5 dəfə artaraq 4,046 mln. manat, qeyri-həyat sığortası üzrə 67,5% artaraq 44,309 mln. manat, icbari sığorta növləri üzrə isə 2,1 dəfə artaraq 10,560 mln. manat olub.

Sığorta daxilolmalarının strukturunda ən çox vəsait «Tibbi sığorta» (29,348 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (6,534 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (5,145 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (3,194 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə və əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» (3,185 mln. manat) və «Yüklərin sığortası» (2,437 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 49,8%, 11,1%, 8,7%, 5,4% və 4,1% təşkil edib.

Ödənişlərə gəldikdə isə qeyd olunan müddət ərzində həyat sığortası üzrə ödənişlərin həcmi 3,7 dəfə artaraq 53,173 min manat, qeyri-həyat sığortası üzrə 15% artaraq 8,397 mln. manat, icbari sığorta növləri üzrə isə 9,8% azalaraq 1,096 mln. manat olub.

Ödənişlərin strukturunda ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (3,220 mln. manat və ya 33,7%), «Tibbi sığorta» (3,066 mln. manat və ya 32,11%), «Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası» (0,854 mln. manat və ya 8,9%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (0,804 mln. manat və ya 8,4%) növləri üzrə ödənilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda 29 sığorta təşkilatı fəaliyyət göstərib (martın 6-da «Fidan Sığorta» şirkətinin lisenziyası ləğv edilib).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR