Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda illik inflyasiya 6,58%-ə çatıb

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda illik inflyasiya 6,58%-ə çatıb
# 09 iyul 2012 13:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-AEconomics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin iyun ayı və cari ilin ilk yarısında apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, aparılmış statistik müşahidələrin nəticələrinə əsasən iyun ayında Azərbaycanda deflyasiya qeydə alınıb. Belə ki, ötən ay ölkədə istehlak qiymətləri 0,29% azalıb. Bu azalma əvvəlki ayda olduğu kimi, ərzaq məhsullarının ucuzlaşması hesabına baş verib. Ay ərzində ərzaq məhsulları 0,61% ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,03%, xidmət tarifləri isə 0,17% artıb.

May ayına nisbətdə iyun ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,9%, regionlarda isə 0,39% ucuzlaşıb. Bu zaman ərzaq məhsulları Bakıda 0,43%, regionlarda 0,79% ucuzlaşıb, qeyri-ərzaq məhsulları isə əksinə, Bakıda 0,04%, regionlarda 0,02% bahalaşıb.

Xidmətlərin dəyəri Bakıda 0,17%, regionlarda 0,16% artıb. Ay ərzində ən çox gilas (23,20%), armud (19,60%) və digər məhsullar ucuzlaşıb. Bahalaşma isə çimərlik üçün rezin ayaqqabılar (16,56%), göy lobya (12,56%), baş soğan (12,07%) və digər məhsullarda qeydə alınıb.

Hesablamalar göstərib ki, cari ilin ilk yarısında ölkədə 0,11%, o cümlədən Bakıda 1,30% inflyasiya, regionlarda isə 1,06% deflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 0,05%, xidmətlər 1,66% bahalaşıb, qeyri-ərzaq məhsulları isə 0,96% ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 6,58% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 9,37%, regionlarda isə 3,84% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında (10,46%) olub. Qeyri-ərzaq məhsullarında artım 0,18%, xidmətlərdə isə 4,85% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR