Bank Of Baku

Azərbaycanda I yarımillikdə 557 mln. manat gömrük vergi və rüsumları toplanılıb

Azərbaycanda I yarımillikdə 557 mln. manat gömrük vergi və rüsumları toplanılıb
# 12 iyul 2012 08:30 (UTC +04:00)
Bakı – APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə 555,0 mln. manat büdcə proqnozuna qarşı faktiki olaraq 557,2 mln. manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb və proqnoza 100,4% əməl edilib. Ümumilikdə, Komitə üçün 2012-ci ilin dövlət büdcəsi üzrə 1,2 mlrd. manat həcmində büdcə daxilolmaları proqnozlaşdırılıb. «APA-Economics»in məlumatına görə, bunu DGK-nin sədri Aydın Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, tətbiq olunan «Bir pəncərə» sistemi gömrük rəsmiləşdirilməsi əməliyyatlarının avtomatlaşdırılmış qaydada həyata keçirilməsini, bu işə sərf olunan vaxtın minimuma endirilməsini təmin edərək xarici iqtisadi fəaliyyət iştirakçılarına və fiziki şəxslərə xidmətin səviyyəsini yaxşılaşdırıb, bütövlükdə gömrük orqanlarında idarəçiliyin təkmilləşdirilməsinə imkan yaradıb. Bununla yanaşı, gömrük ödənişlərinin bank və ya plastik kart vasitəsilə alınması təşkil olunub, bütün gömrük idarələrində POS-terminallar quraşdırılıb və ya müvafiq bankların filialları açılıb. Nəticədə, hazırda gömrük ödənişlərinin 97%-nin nağdsız qaydada alınması təşkil edilib.

Komitə sədri qeyd edib ki, 2012-ci ilin birinci yarısında gömrük orqanlarında qaçaqmalçılığa qarşı mübarizə daha da gücləndirilib, vergidən yayınmanın və hüquqpozma faktlarının aşkar edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb. Belə ki, cari ilin ilk 6 ayı ərzində gömrük orqanları tərəfindən gömrük işi sahəsindəki hüquqpozmalara qarşı mübarizə istiqamətində görülən tədbirlər nəticəsində 8 237 hüquqpozma faktı aşkar olunub. Gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı ilə əlaqədar 37 fakt aşkar olunub və 5,8 kq narkotik vasitə, 6,2 kq psixotrop maddə dövriyyədən götürülüb.

Hesabat dövründə 8 119 inzibati xəta faktı üzrə 180 hüquqi şəxs və 7 912 nəfər fiziki şəxs inzibati qaydada müvafiq məsuliyyətə cəlb edilib. Bu şəxslərə qarşı gömrük orqanları tərəfindən 563 min manat cərimə tətbiq edilib, 100 min manat dəyərində hüquqpozma predmeti olan mallar müsadirə olunub.

Eyni zamanda 3 ədəd ov silahı və 200 ədəd ona aid sursat, 79 ədəd pnevmatik silah, 3 ədəd odlu silah və 19 ədəd patron, 8 ədəd soyuq silah, 5 ton dizel yanacağı, 780 ədəd mobil telefon və külli miqdarda digər əşyalar hüquqpozma predmeti kimi saxlanılıb.

Aksizli malların qeyri-qanuni keçirilməsinə qarşı aparılmış qabaqlayıcı tədbirlər nəticəsində 767 litr və 25 937 ədəd spirtli içki, 76,3 min manat dəyərində tütün məmulatları tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR