2024-cü ildə ARDNF-nin gəlirlərinin 26% azalacağı proqnozlaşdırılır

2024-cü ildə ARDNF-nin gəlirlərinin 26% azalacağı proqnozlaşdırılır
# 08 dekabr 2023 13:17 (UTC +04:00)

Dövlət Neft Fondunun ( ARDNF) gəlirləri növbəti ildə 12 073,3 mln. manat həcmində proqnozlaşdırılıb ki, bu da 2022-ci ilin müvafiq icra göstəricisindən 4 793,3 mln. manat və ya 28,4%, 2023-cü ilin təsdiq olunmuş büdcə gəlirindən 4 264,2 mln. manat və ya 26,1%, 2023-cü ilin gözlənilən icra göstəricisindən isə 6 766,3 mln. manat və ya 35,9% azdır.

APA-Economics” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə bildirilib.

Rəydə qeyd edilir ki, 2024-cü il üçün Fondun büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik ixrac qiyməti növbəti il üçün 60 ABŞ dolları, qazın Avropa Hub qiyməti 1000 kub metr üçün 511,0 ABŞ dolları (BP tərəfindən təqdim edilən məlumata əsasən), Azərbaycan manatının ABŞ dollarına qarşı orta illik məzənnəsi dövlət büdcəsi ilə eyni səviyyədə götürülüb.

Cari ilin 9 ayı üzrə Fondun büdcə gəlirlərinin 91,1%, büdcə xərclərinin 30,3% icra olunması, müvafiq tarixə xam neftin xalis mədaxil qiymətinin (78,6 ABŞ dolları) ilkin proqnozlaşdırılan (60,0 ABŞ dolları) məbləğdən 18,6 ABŞ dolları yuxarı olması Fondun aktivlərinin cari ilin əvvəli ilə müqayisədə (49 033,6 mln. ABŞ dolları) 6 490,3 mln. ABŞ dolları və ya 13,2% artaraq 55 523,8 mln. ABŞ dollarına (151,7 mln. ABŞ dolları büdcədənkənar xərclər nəzərə alınmaqla) çatmasına şərait yaradıb.

Fondun gəlir və xərclərinin 9 aylıq icrasının həcminə, həmçinin xam neftin xalis mədaxil qiymətinin büdcədə nəzərdə tutulan proqnoz qiymətlərinə nisbətdə artıq olması, Fondun əsas gəlir mənbəyi hesab edilən mənfəət neftinin və qazın satışından ilin sonuna təsdiq ilə müqayisədə gözlənilən daxilolmalarda 2 516,6 mln. manat və ya 21,4% artıq olması hesabına ilin sonuna Fondun gəlirlərinin təsdiqlənən büdcəsindən artıq icra edilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR