Səhiyyə sahəsində digər xidmətlərin maliyyələşdirilməsi xərcləri hesabına, sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə sanitar-epidemioloji tədbirlər üçün 50,1 milyon manat vəsait proqnozlaşdırılıb.
APA xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Qeyd olunub ki, onkoloji xəstəliyə tutulmuş şəxslərin sağlamlığının qorunması, dərman preparatlarına
olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçün 50,1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Azərbaycan Respublikasında ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilmə, göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və gücləndirilməsi, respublikada ixtisaslaşdırılmış oftalmoloji yardımın təşkili məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 10,1 milyon manat məbləğində vəsait ayrılacaqdır.