İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “Visa” şirkətinin nümayəndə heyətini qəbul edib.
Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə “Visa”nın nümayəndələri Salvador Perez Qalindo, Kristina Doroş, Yuliya Verbova və Nurlan Hacıyev iştirak edib.
V. Qasımlı sözlərinə görə, ölkədə rəqəmsal ödənişlər üzrə dövlət proqramı dünyada bu sahədə olan əsas trendlərə, o cümlədən, kartdan buluda keçid, hər yerdə satış nöqtəsi, xəbərlə ödəmə, “ledger” üzərindən sərhədsiz tranzaksiyalar və API iqtisadiyyatına cavab verməyə hesablanıb.
“Hazırda dünyada təhlükəsizliyə əsaslanan və müştəri-mərkəzli ödəmə sistemindən kartsız və ya rəqəmsal ekosistemə keçid baş verir. İstehlakçılar daha çox innovasiyalara hazır olmaqla, ödənişlərdə nəzarət və rahatlığı üstün tuturlar. Rəqəmsal ödənişlərin gələcəyi əşyaların internetinin inkişafı ilə sıx bağlıdır. Eyni zamanda getdikcə texnologiya şirkətləri banklar və “fintech”lərlə yanaşı rəqəmsal ödənişlərdə daha əhəmiyyətli rol oynayacaq və hətta onları sıxışdıracaq”, - deyə V. Qasımlı bildirib.
Görüşdə həmçinin bu il fevral ayının 12-də Bakıda Mərkəzin dəstəyi ilə keçiriləcək “Visa Cashless Forum” barədə müzakirələr aparılıb. Qeyd olunub ki, ölkədə və Qafqazda ilk dəfə keçiriləcək forumun mövzusu “Driving the Future” (“Gələcəyə hərəkət”) olacaq.
Forumun gündəmindəki başlıca mövzular müasir ödənişlər sistemini yaradan amillər, onların sahibkarlığa və istehlakçılara təsiri, o cümlədən innovasiyalı ödəniş variantları, rəqəmli çevrilmə, smart ölkə, hissiyatlı bankçılıqla müasir müştərilər, bank sektorunun gələcəyi: ənənəvi və yeni banklar, rəqəmli bankçılığın müxtəlif inkişaf yolları, nağdsız ödənişləri təşviq edən tənzimləmə olacaq.