“AFB Bank” ASC bu ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqlayıb.
"APA-Economics" ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, “AFB Bank” bu ilin doqquz ayını 11,452 milyon manat mənfəətlə başa vurub. Bu da ötən ilin eyni dövrünə nisbətən 32% çoxdur. Belə ki, 2021-ci ilin doqquz ayında bank 8,676 milyon manat xalis mənfəət açıqlamışdı.
Yanvar-sentyabr aylarında “AFB Bank”ın gəlirləri 21,017 milyon manat (əvvəlki ilə nisbətən 13% çox), xərcləri 13,452 milyon manat (10,5% çox) olub.
Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 72,7% artıraraq 3,887 milyon manata çatdırıb. Hesabat dövründə “AFB Bank” mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə bankın cəmi aktivləri 7,4% artaraq 292.501 milyon manat, o cümlədən kredit portfeli 19% böyüyərək 169,462 milyon manata çatıb.
Bankın cəmi öhdəlikləri 8,9% artaraq 208,592 milyon manat, o cümlədən depozit portfeli 1,2% böyüyərək 118,680 milyon manata bərabər olub. Bankda fiziki şəxslərin depozitləri 11,5% artaraq 29.145 manata çatıb. Hüquqi şəxslərin depozitləri isə 1,5% və ya 1,414 milyon manat azalaraq 89,534 milyon manata enib.
Hesabat dövründə “AFB Bank”ın cəmi kapitalı 3,4% artaraq 83.908 milyon manata yüksəlib.