Asiya İnkişaf Bankı (AİB) Mərkəz Asiya regionu üzrə builki iqtisadi artım proqnozunu 4,1%-dən 4,7%-ə yüksəldib.
"APA-Economics"in məlumatına görə, bu barədə bankın yeni hesabatında deyilir. Sözügedən yaxşılaşmanın Azərbaycan, Gürcüstan, Qazaxıstan, Tacikistan və Özbəkistan iqtisadiyyatları üzrə proqnozların daha nikbin olmasını əks etdirir. 2022-ci il üçün isə ÜDM artımı üzrə proqnoz Azərbaycan, Ermənistan, Qazaxıstan və Tacikistan iqtisadiyyatlarında artım gözləntilərini nəzərə alaraq 4,2%-dən 4,4%-ə qədər yüksəldilib.
Qeyd edək ki, AİB region üzrə builki inflyasiya gözləntilərini 7,7%-dən 8,6%-ə qədər, 2022-ci il üçün isə 6,7%-dən 7,3%-ə artırıb.
AİB sentyabrda Azərbaycan iqtisadiyyatının bu il 2,2%, 2022-ci ildə isə 2,5% artacağını vəd edirdi. Ortaillik inflyasiya isə bu il 4,5%, 2022-ci ildə isə 3% səviyyəsində proqnozlaşdırılırdı.
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında ölkədə real ÜDM illik 5,3% artıb, ortaillik inflyasiya isə 6,2% təşkil edib.