Azərbaycan Mərkəzi Bankının (AMB) tənzimlədiyi bank olmayan kredit təşkilatları (BOKT) ən azı iki ildən bir informasiya təhlükəsizliyi üzrə müstəqil auditdən keçməlidir.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İnformasiya və Kibertəhlükəsizlik Departamentinin direktor müavini Abid Ələsgərzadə XII Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın maliyyə institutlarında informasiya təhlükəsizliyinə dair müəyyən etdiyi tələblərə əsasən, təşkilatlar kateqoriyalar üzrə fərqli dövriliklə auditdən keçirlər.
A. Ələsgərzadə qeyd edib ki, birinci kateqoriyaya aid təşkilatlar ildə ən azı bir dəfə, ikinci kateqoriyaya aid təşkilatlar, o cümlədən BOKT-lar isə iki ildə ən azı bir dəfə informasiya təhlükəsizliyi auditi keçirməlidirlər.
Auditin beynəlxalq akkreditasiyaya malik müstəqil auditorlar tərəfindən aparılması nəzərdə tutulur.
AMB rəsmisi vurğulayıb ki, audit təşkilatın yalnız müəyyən dövrdəki təhlükəsizlik vəziyyətini qiymətləndirir.
Onun sözlərinə görə, informasiya təhlükəsizliyinin təmin edilməsi birdəfəlik yoxlama ilə məhdudlaşmamalı, təşkilatlar təhlükəsizlik tədbirlərinin davamlı icrasını təmin etməlidirlər.