Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı banklarda kredit risklərinin idarə edilməsi, aktivlərin təsnifləşdirilməsi və istehlak kreditlərinin verilməsi ilə bağlı qaydalara dəyişiklik edib.
“APA-Economics” AMB-yə istinadən xəbər verir ki, dəyişikliklər kredit risklərinin qiymətləndirilməsi və idarə olunması çərçivəsinin təkmilləşdirilməsinə, kreditləşmə prosesində tətbiq olunan yanaşmaların risk səviyyəsi ilə daha sıx uzlaşdırılmasına yönəlib. Bu çərçivədə davranış modelləri əsasında kreditləşmə üzrə tələblər və həmin kreditlər üzrə ehtiyatlandırma yanaşmaları təkmilləşdirilib.
Məqsəd borcalanların ödəmə qabiliyyətinin daha etibarlı məlumatlar əsasında qiymətləndirilməsi, risklərin adekvat nəzərə alınması və prudensial tələblərin mütənasibliyinin artırılmasıdır. Eyni zamanda, bu yanaşma risklərin effektiv idarə olunmasını təmin etməklə bankların kreditləşmə imkanlarının dəstəklənməsinə xidmət edir.
AMB-nin məlumatına görə, digər dəyişikliklər aktivlərin təsnifləşdirilməsi zamanı risklərin daha dolğun nəzərə alınmasına, eləcə də nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslərin kredit öhdəlikləri üzrə məlumatların qiymətləndirilməsi yanaşmalarının təkmilləşdirilməsinə yönəlib. Bununla yanaşı, istehlak kreditləşməsində zaminlik mexanizminə dair tələblərdə risklərin daha effektiv idarə olunması, borc öhdəliklərinin dayanıqlılığının qorunması və kredit təminatının etibarlılığının artırılması prinsipləri əsasında təkmilləşdirilib.
Qəbul edilmiş dəyişikliklər borcalanların ödəmə qabiliyyətinin daha etibarlı məlumatlar əsasında qiymətləndirilməsinə, davranış modellərindən irəli gələn risklərin daha səmərəli idarə olunmasına və bank sektorunda dayanıqlı kreditləşmə mühitinin dəstəklənməsinə yönəlib.
Dəyişikliklər 9 noyabr 2026-cı il tarixindən qüvvəyə minəcək.