Növbəti ildə Azərbaycanda nağdsız ödənişlər üzrə qeydə alınan nəticələrin ikiqat artırılmasını hədəfləyirik.
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.
Onun sözlərinə görə, COVID-19 pandemiyası fonunda dünya və Azərbaycanda nağdsız ödənişlər, xüsusilə elektron ticarətdə ödənişlərin həcmi artıb və AMB bu il Azərbaycanda nağdsız ödənişlər üzrə qeydə alınan nəticələrin ikiqat artırılmasını hədəfləyir.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 8,370 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73% çoxdur.
Sözügedən nağdsız ödənişlərin 32 mln. manatı ATM-lər, 3,120 mlrd. manatı POS-terminallar, 5,218 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.