Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə fiziki şəxslər (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) tərəfindən aparılan QR kod ödənişləri və köçürmələr üzrə sistemdən istifadəyə görə iştirakçı təşkilatlardan xidmət haqqının tutulmaması qərarı verilib və güzəşt müddəti 11 yanvar 2022-ci ildən 11 yanvar 2023-cü il tarixinədək uzadılıb.
"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.
Qeyd edək ki, hazırda 20 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və "Azərpoçt" MMC AÖS platformasına inteqrasiya olunub. AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətləri, habelə sistemin "AniPay" mobil tətbiqindən (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u) istifadə etməklə 24/7/365 rejimində ödənişlərini anında həyata keçirə bilərlər. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.
Xatırladaq ki, 2020-ci ilin oktyabr ayından istifadəyə verilmiş AÖS vasitəsilə bu ilin yanvar-noyabr aylarında həyata keçirilən ödənişlərin sayı 97 min, həcmi isə 228 mln. manat olub.