Azərbaycanda bank kreditlərinə tətbiq edilən məhdudiyyətlərin qeyri-rəsmi borclanmanın artmasına səbəb olduğunu təsdiqləyən rəsmi statistika yoxdur.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın kreditləşmə ilə bağlı tətbiq etdiyi tələblərin əsas məqsədi əhalinin izafi borclanmasının qarşısını almaqdır.
Ş. Mahmudzadə qeyd edib ki, istehlak kreditləri üzrə borcalanların ödəmə qabiliyyətinə dair tələblər, kredit kartları ilə bağlı məhdudiyyətlər və onlayn kreditlərin verilməsində tətbiq edilən gözləmə müddəti bu məqsədə xidmət edir.
AMB rəsmisi bildirib ki, bank kreditləşməsinin sərtləşdirilməsi müəyyən müştərilərin digər maliyyələşmə mənbələrinə yönəlməsinə səbəb ola bilər. Lakin bunun birbaşa qeyri-rəsmi borclanmanın artması ilə nəticələndiyini söyləmək düzgün deyil.
Onun sözlərinə görə, banklardan kredit əldə edə bilməyən şəxslər əvvəlcə bank olmayan kredit təşkilatlarına, daha sonra lombardlara müraciət edə bilərlər.
Ş. Mahmudzadə vətəndaşları lazımsız xərclər üçün borclanmaqdan çəkinməyə çağırıb.
O vurğulayıb ki, borc hesabına əlavə dəyər yaratmayan xərclərin maliyyələşdirilməsi əhalinin borc yükünü artırır və maliyyə vəziyyətinə mənfi təsir göstərir.