Asiya İnkişaf Bankı (AİB) 2023-cü ildə Azərbaycanın ümumdaxili məhsul (ÜDM) artımını 3,5% səviyyəsində proqnozlaşdırıb.
"APA-Economics"in Banka istinadən məlumatına görə, AİB 2024-cü ildə Azərbaycanda ÜDM-in artımını 3,8% müəyyən edib. AİB həmçinin, bu il üzrə adambaşına düşən ÜDM-in 2,5%, 2024-cü ildə isə 2,8 % artacağını proqnozlaşdırıb.
“Biz 2023-cü ildə Azərbaycanda ÜDM-in mülayim artımını 3,5% səviyyəsində proqnozlaşdırırıq ki, bu da 2024-cü ildə bir qədər sürətlənərək 3,8%-ə çatacaq. Hesablamalarımıza görə, Azərbaycanda sənaye istehsalının artımı 2023-cü ildə 0,5%, 2024-cü ildə 1% təşkil edəcək”, - AİB qeyd edib.
Bank fermerlərə subsidiyaların davam etdirilməsi, onlara güzəştli şərtlərlə kreditlərin verilməsi hesabına Azərbaycanın aqrar-sənaye sektorunda 2023-cü ildə 3,8%, 2024-cü ildə isə 4% artım proqnozlaşdırdığını vurğulayır.
AİB-in hesablamalarına görə, 2023-2024-cü illərdə Azərbaycanın tikinti sektorunda artım müvafiq olaraq 12% və 11% olacaq.
2023-cü il üçün Azərbaycanın xidmət sektorunda artım 7%, sonrakı dövr üçün isə 7,5% səviyyəsində proqnozlaşdırılır və bu artım pərakəndə ticarətin, nəqliyyat sektorunun inkişafı, eləcə də Qazaxıstan neftinin ərazidən daşınması hesabına təmin ediləcək.